Qurban Qurbanov: "Mənim üçün maraqlı olan Kamranın səfərə getməməsidir"

21:33 24 Noyabr 2018

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Topaz Premyer Liqasının XII turunda “Sabah”la 1:1 hesablı heç-heçə etdikləri oyundan sonra fikirlərini bölüşüb.

 

Sportarena.az xəbər verir ki, təcrübəli çalışdırıcı öncə oyunla bağlı danışıb:

 

- Ağır oyun oldu. “Sabah” yaxşı müdafiə olundu. Futbolçular arasında anlaşma çətin idi. Milli oyunlarından sonra hər zaman belə olur. Əsas odur ki, xallarımızın üzərinə xal gəldi.

 

- Millinin baş məşqçisi olaraq bu suala aydınlıq gətirməyinizi istəyirik. Kamran Ağayev həqiqətən də zədəli olduğunu bəhanə edib?

- Suallarınıza cavab verəcəyəm. Mən istəmərəm ki, komanda haqda belə fikirlər səslənsin. Hər bir komandada zədəli ola bilər. Ola bilər ki, ciddi bir şey olmaya bilərdi. Zədələnməsinə, oynamamasına narahat deyiləm. Mənim üçün maraqlı olan Kamranın səfərə getməməsidir. Bunu futbolçunun ixtiyarına buraxmaq lazımdır. Bütün bunlardan əlavə, istəmərəm ki, futbolçularımın üzərinə çox gedilsin. 

 

- Dekabrın 2-də Avropa çempionatının seçmə mərhələsinin püşkatma mərasimi keçiriləcək. Həmin mərasimdə iştirak edəcəksiniz?

- Bu barədə məlumat verəcəyik. 

 

- Kosovoya məğlubiyyət, bu gün heç-heçə... “Sportinq”lə görüşdə çətinlik olmayacaq?

- Düşünmürəm. Milli üzvləri il ərzində az sayda oyun keçirmirlər. İstər psixoloji, istərsə də fiziki yüklənmə olur. Amma bunun onların oyununa təsiri olacağını düşünmürəm. İnanıram ki, həmin matçda hamı qaydasında olacaq.

 


Xəbər xətti