AFFA rəhbərliyi Mirhüseynlə Nizamini bağışlamaq haqda düşünmür

14:01 27 Noyabr 2018

Ötən ilin noyabrında futboldan ömürlük uzaqlaşdırılan Nizami Hacıyevlə Mirhüseyn Seyidov, həmçinin Ağakişi Mehdizadə üçün yenidən sevdikləri işlə məşğul olmaq imkanı yaranıb.

 

Sportarena.az xəbər verir ki, geridə qalan müddət ərzində hüquq-mühafizə orqanları bu şəxslərin hansısa cinayətdə əlinin olub-olmadığını araşdırmalı, hansı oyunların alğı-satqısı ilə məşğul olduqlarını müəyyənləşdirməliydi. Lakin prokurorluq adları çəkilənlərin cinayət işinə xitam verib və bizdə olan məlumata görə, bu xəbər həmin şəxslərə bildiriş formasında çatdırılıb. Amma o demək deyil ki, Nizami ilə Mirhüseyn mütləq yaxın vaxtlarda yenidən peşəkar futbolla məşğul olacaqlar. 

 

Bunun üçün onları futboldan ömürlük uzaqlaşdıran AFFA-nın İntizam Komitəsi yeni qərar çıxarmalıdı. Bəyan olunmalıdı ki, ya bu futbolçular həqiqətən də suç sahibi olmayıb, ya da günahlarının cəzası bir il kənarda qalmaqla bitmiş sayılır. Yəni son söz AFFA-nındı. AFFA-da əsas söz sahibinin Elxan Məmmədov olduğunu nəzərə alsaq, məsələ ilə bağlı baş katibin fikirlərini öyrənməyi vacib saydıq: 

 

“Həmin futbolçuların işlərində yol verdiyi nöqsan sübuta yetirildiyi üçün futbol baxımından məlum cəza verilib. Və bu gün həmin cəzanın dəyişdirilməsi, yaxud aradan qaldırılması gündəmdə deyil. O ki qaldı törədilən əməldəki cinayət işinin sübuta yetirilib-yetirilməməsinə və ya dediyiniz kimi, cinayət işinə xitam verilməsinə, bu sualı aidiyyatı orqanlarla dəqiqləşdirmək lazımdı. Bizdə bu barədə məlumat yoxdu”. ("Futbol plus" qəzeti)

 


Xəbər xətti