Külək hayandan əsdi və ya Kamran Quliyevin köhnə biznesi - YAZI

12:21 1 Dekabr 2018

Son zamanlar mətbuatda bəzi yazılar dərc olunur. Bizim mətbuata bələd olan və anlayan biri kimi bütün bunların haradan qaynaqlandığını yaxşı bilirəm. Demək olar ki, hamının ittiham olunduğu, amma təkrar oxuduqda yanlış olduğu dərhal anlaşılır. Ancaq razılaşın ki, maraqlı mövzudu.

 

Bir neçə kluba və AFFA-ya müraciət edərək bildirdim ki, bu məqalə ilə bağlı məsələlərə aydınlıq gətirmək istəyirəm. Həm klublar, həm də assosiasiyadan bildirdilər ki, suallarımı cavablandırmağa hazırdırlar. Eyni zamanda, Kit Pro şirkətinin təsisçiləri ilə də əlaqə saxladım ki, hər şey şəffaf və ədalətli olsun. Bundan əlavə, klublarımıza forma satan müxtəlif idman brendlərinin nümayəndələrinin fikirlərini öyrəndim. Beləliklə, başlayaq…

Biznes – idman geyimlərinin satışı kifayət qədər gəlirli işdi. Nəzərə alsaq ki, komandalar formalarını mütəmadi olaraq yeniləyirlər, bu işə düzgün və konstruktiv yanaşılsa, müəyyən qədər gələcəyini də təmin edə bilərsən. Azərbaycanda bu cəlbedici bizneslə məşğul olan çoxlu şirkət və fərdi sahibkarlar var. Azərbaycanda forma satışı ilə məşğul olan ən tanınmış şəxslərdən biri futbol meneceri Kamil Məmmədovdu. İndi də bu sahədə işini davam etdirir.

Həmçinin, bu bizneslə Anar adlı bir şəxs də (əlaqə saxlamağa cəhd etsəm də, mümkün olmadı) məşğul olur. Qeyd etdiyim məqalədə bu barədə yazılmışdı. Başqa sözlə, artıq müəyyən mənada həqiqət var. Bununla yanaşı, bu sahədə fəaliyyət göstərən şirkətlər də var ki, onların adını çəkmək istəmirəm, çünki bunun müqabilində mənə reklam pulu ödəməli olardılar. Amma bu işlə məşğul olduğunu dəqiq bildiyim 5 kampaniya barədə məlumatlıyam.

İndi isə məqalənin mənfi obrazı olan Murad Nağıyevin kim olmasına nəzər salaq. İdman fəaliyyəti ilə də məşğul olan biznesmen, həmçinin marketinq, PR yatırımlar, qonaqpərvərlik xidmətləri, futbolda rəqəmsal texnologiyalar, futbol bazarının təhlili onun gördüyü işlər sırasındadı. Avropada yaşayır, Bakıya tez-tez gəlir. Özündən və ona yaxın olan şəxslərdən əldə etdiyim məlumata görə, İngiltərə, Rusiya və Azərbaycanda ofisləri var. Belə deyək – kiçik sahibkar.

Yeri gəlmişkən, bu, onun özü barədə səsləndirdiyi sitatdır. Kit Pro şirkətini o, dostu Kamillə birgə yaradıb (onlar uzun illərdi ki, dostluq edirlər). Çünki idman geyimlərinin satışı məsələsində peşəkar yanaşmanın çatışmadığını hiss edib. Şirkət qurulan kimi klublarla çalışmağa başlayıb. AFFA ilə də işbirliyi qurmağa cəhd edib, lakin assosiasiya birbaşa, vasitəçilər olmadan Nike şirkəti ilə əməkdaşlığa üstünlük verib.

Nike şirkətinin MDB ölkələri üzrə nümayəndəliyi ilə əlaqə saxladıq və aldığımız cavabı diqqətinizə çatdırırıq: “Biz AFFA ilə vasitəçilərin iştirakı ilə çalışmaq istəyirdik. Lakin baş katib, baş mühasib, auditorun iştirakı ilə keçirdiyimiz ilk görüşdə AFFA nümayəndələri bizə qəti şəkildə bildirdilər ki, hər hansı vasitəçi ilə deyil, birbaşa Nike şirkəti ilə əməkdaşlıq edəcəklər. Bundan sonra əməkdaşlığımız başladı. Həm əsas milli komanda, həm də gənclərdən ibarət yığmalar forma dəsti ilə təmin olundu və indi də Nike brendindən istifadə edirlər. Üstəlik, AFFA bizi razı salmağa müvəffəq oldu ki, Azərbaycan Premyer Liqasını Nike topları ilə təmin edək. Lazımi sayda toplar göndərdik və sevinirik ki, Azərbaycan Premyer Liqasında Nike şirkətinin istehsalı olan toplarla oynayırlar”.

Göründüyü kimi, AFFA birbaşa  Nike şirkətinin rəsmi nümayəndələri ilə əməkdaşlıq edib/edir və heç bir vasitəçinin xidmətindən yararlanmayıb/yararlanmır.

İndi isə, Makron və Xoma brendlərinə diqqət yetirək. Kit Pro şirkəti AFFA-ya milli komandaların istifadəsi üçün yuxarıda qeyd olunmuş iki idman geyimi brendi ilə əməkdaşlıq etmək təklifini irəli sürmüşdü. AFFA-nın cavabı belə olub: “Milli komandalar ən yüksək səviyyəli, top brendlərin istehsalı olan formalarla təmin olunur. Amma eyni zamanda gələcəkdə ehtiyac olarsa və uyğun aşağı qiymətlər nəzərə alınaraq, Kit Pro şirkətinə müraciət oluna bilər”.

Onu da öyrənə bildik ki, AFFA ilə Kit Pro şirkəti arasında əməkdaşlıq cəmi 29 min manat vəsaiti əhatə edib. Bu isə Region Liqasında iştirak edən komandaların geyimlə təmin olunmasına sərf olunan vəsaitdi. Region Liqası komandalarının forma ilə AFFA tərəfindən təmin olunması barədə qərarı isə İcraiyyə Komitəsi qəbul edib və bu işin icrası baş katibliyə tapşırılıb.

Klublarla adıçəkilən brendlərin əməkdaşlığına gəlincə, Makron, Xoma, Jivovo və Kappa-nın nümayəndələri ilə əlaqə saxladıq. Onlar bildirdi ki, Kit Pro-nu da, digər şirkətləri də tanıyırlar. Amma Kit Pro Azərbaycan ərazisində lazımi qədər fəallıq göstərə bilmədiyi üçün digər şirkətlərlə və ya fərdi sahibkarlarla əməkdaşlıq edirlər. Onların sadaladıqları arasında Kamil, Anar, Asif və Vüqar adlarına rast gəlsək də, sonuncu eşitdiyimiz – Kamran – bizi daha çox təəccübləndirdi.

Ona görə təəccübləndirdi ki, həmin şəxsin Kamran Quliyev olduğu müəyyənləşdi. Nə demək olar, belə çıxır ki, bütün neqativ şeyləri bir və ya iki adamın üzərinə yıxmaq istəyirmişlər. İndi isə küləyin haradan əsdiyi bəlli olur.

Maraqlı budur ki, o – Kamran Quliyev bu işlərlə “Sumqayıt” klubunda çalışdığı dövrdə də məşğul olub, yeni klubunda da davam edir. Bəlkə də bu bir təsadüfdü. Sadəcə, insanların yalan danışmasını görüb-duymaq xoş deyil. Klub nümayəndələrinə isə sözümüz o olardı ki, klublarının problemlərini düşünsünlər, forma satışında vasitəçi olmasınlar. (matc.az)


Xəbər xətti