"Formula 1" üzrə Azərbaycan Qran Prisi 2018-ci ilin ən yaxşı yarışı seçilib

17:56 5 Dekabr 2018

“Formula 1” üzrə Azərbaycan Qran Prisi 2018-ci ilin ən yaxşı yarışı seçilib.

 

Sportarena.az “Report”a istinadən xəbər verir ki, Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin təşkil etdiyi yarış İngiltərənin məşhur “The Times” və “The Guardian” nəşrləri tərəfindən fərqləndirilib.

Televiziya auditoriyasında da builki Azərbaycan Qran Prisi bir çox yarışdan üstün olub. Bakı mərhələsini dünya üzrə bütün həftəsonu yarışları daxil olmaqla 83 milyon insan izləyib.

“Formula 1” yarışlarının təşkilatçısı “Formula One Management” şirkətinin statistik rəqəmlərinə əsasən, izləyicilərin 76 faizi Bakı yarışından zövq alıb. Bu da mövsümün ümumi göstərici səviyyəsindən (70%) yuxarı olmaqla, Bakı trasının reytinqdə 5-ci yeri tutduğunu göstərir. Bakı Şəhər Halqasından irəlidə yalnız Böyük Britaniya (90 faiz, Avstriya (85 faiz), Braziliya (81 faiz) və Meksika (79 faiz) qərarlaşıb.

“Viasat” kommunikasiya şirkətinin Skandinaviya ölkələrinin tamaşaçıları arasında apardığı ictimai sorğuya əsasən, Azərbaycan Qran Prisi ABŞ və Çin Qran Prilərindən sonra 3-cü yeri tutub.

Rəqəmsal platformalarda ortalama göstərici 3,3 milyon unikal istifadəçi olduğu halda, Azərbaycan Qran Prisini 4,1milyon unikal istifadəçi izləyib. Bu isə Avstraliya Qran Prisindən sonra mövsümün ikinci ən böyük göstəricisidir.

Məşhur nəşrlər öz məqalələrində builki Azərbaycan Qran Prisini, “Red Bull” komandasının hər iki pilotunun iştirakı ilə qəza, həlledici dairədə bolidin təkərinin deşilməsi və bununla da Valtteri Bottasın qalibiyyətini itirməsi və digər həyəcanlı anlarla təsvir ediblər.

2018-ci il Azərbaycan Qran Prisinə 94 min bilet satılıb. “Formula 1”in ən sürətli şəhər halqasında baş tutan ötənilki yarışla müqayisədə, bu il ümumi tamaşaçı iştirakında 31 faiz, bilet satışında isə 21 faiz artım qeydə alınıb.

Satılan biletlərin 77 faizi yerli azarkeşlərin payına düşür. Yarışı izləmək üçün Bakıya gələn əcnəbilərin sayı isə ötən illə müqayisədə 31 faiz artıb. Ümumi bilet satışının təxminən 1/4 hissəsi əcnəbi tamaşaçıların payına düşür.

“Formula 1” üzrə 2019-cu il Azərbaycan Qran Prisiı 26-28 apreldə keçiriləcək. Hazırda 4 günlük biletlərdə məhdud sayda nəzərdə tutulmuş 20 faizlik endirim təklifi davam edir və 1 yanvar 2019-cu il tarixinə qədər qüvvədədir. Sırf yerli sakinlərə əlavə 25 faizlik endirim də tətbiq olunur.

Qeyd edək ki, 2018-ci il Azərbaycan Qran Prisində Almaniyanın “Mercedes” komandasının pilotu Lüis Hemiltonbirinci yeri tutub. Britaniyalı sürücü yekunda mövsümün də qalibi olub.


Digər xəbərlər

Xəbər xətti