"Qəbələ"nin "Səbail"lə 8-ci dueli

00:56 9 Dekabr 2018

Bu həftə Topaz Premyer Liqasında 2018/19 mövsümünün ilk yarısı başa çatacaq.

 

Sportarena.az xəbər verir ki, “Qəbələ” 2018-ci ildə son çempionat oyununu səfərdə keçirəcək. Sənan Qurbanovun baş məşqçisi olduğu komanda “Səbail”lə üz-üzə gələcək.

Bu matç rəqiblər arasında 8-ci duel olacaq. İndiyə qədər keçirilən 7 matçda üstünlük “Qəbələ”nin tərəfindədir. 5 qələbə qazanan “qırmızı-qaralar” 1 heç-heçə edib və yalnız 1 dəfə uduzub. Komandamız 16, rəqib 7 dəfə fərqlənib. “Qəbələ” əvvəlki 7 dueldə meydanı qolsuz tərk etməyib. “Səbail”in qapısından Baqali Dabo 6, Famussa Kone 3 top keçirib. 

Premyer Liqada keçirilən 5 matçda 3 qələbə qazanan “qırmızı-qaralar” 1 heç-heçə edib və 1 dəfə uduzub. “Qəbələ” top fərqində üstündür – 11:5. 

Paytaxt təmsilçisinin meydanındakı bütün oyunlarda hər iki komanda qol sevinci yaşayıb. 2 dəfə qalib gəlib, 1 dəfə uduzan “Qəbələ” top fərqində öndədir – 5:3.

Xatırladaq ki, XIV turun oyunları dekabrın 9-da keçiriləcək.


Xəbər xətti