“Xəzər Lənkəran” və “Qarabağ” klublarında oynamış serbiyalı: “Azərbaycan millisinə xarici məşqçi lazımdır” - MÜSAHİBƏ

16:10 12 Dekabr 2018

Hazırda milli komandamızda əsas oyunçulardan hesab edilən Riçard Almeyda, Dmitri Nazarov milliləşdirilmiş ilk oyunçular deyil. Belə ki, onlardan əvvəl də yığma komandamız üçün oynamış xaricilər olub. Onlar arasında bəlkə də ən çox xeyir verən, klublarımız üçün də mübarizə aparmış Branimir Subaşiçdir. 


 

Sportarena.az xəbər verir ki, “Neftçi”, “Qəbələ”, “Xəzər Lənkəran” və “Qarabağ” klublarında oynamış serbiyalı, digər milliləşdirilmişlərdən fərqli olaraq, ölkəmizi tərk etsə də, həm Azərbaycanı yaddan çıxarmayıb, həm də dilimizi. Bu yaxınlarda o, hətta Bakıya səfər də etmişdi. Komanda.az saytına müsahibə verən Subaşiç, son vaxtlar Azərbaycan futbolunda baş verən məsələlər, Qurban Qurbanovun millidən gedişi barədə də danışıb:


- Bir müddət əvvəl Bakıda olmuşdun. Paytaxtımıza restoran açmaq üçün gəldiyin deyilirdi. Ünvanı müəyyənləşdirmisən? 
- Xeyr, doğru deyil. Mən Bakıya restoran açmaq üçün gəlməmişdim. Bakı üçün darıxmışdım. Dostlarla görüşdüm, Bakını gəzdim və geri döndüm.


- Bilirəm ki, daim Azərbaycan futbolunu izləyirsən. Qurban Qurbanovun milli komanda ilə yolları ayırması barədə məlumatlısan. Bu qərar sənin üçün gözlənilməz oldu? 
- Bilirsiz, iki yerdə işləmək real deyildi. Çünki bunu üçün çox güclü enerji lazım idi. Həm yığmada, həm də klubda paralel olaraq işləmək asan deyil. Olduqca çətin bir işdir.


- Səncə, məhz buna görə Qurban Qurbanovla yollar ayrıldı? 
- Bu dəqiqə Azərbaycan yığması güclü deyil. Bu barədə də düşünmək lazımdır.


- Onunla “Neftçi”də işləmisən. Səncə, ona lazımi vaxt verilsəydi, güclü yığma yarada bilərdi? 
- Qurban Qurbanov klubla çox yaxşı nəticələr qazanıb. Yığma isə tamam başqa bir şeydir. Bəlkə də ona yığmada vaxt vermək lazım idi. 3-4 il vaxt lazım idi. Millidə heç kim məğlubiyyətə görə səbr etmir, gözləmir.


- AFFA Qurban Qurbanovla altı illik müqavilə imzalamışdı. Səncə, niyə gözləmədilər? 
- Azərbaycanlı məşqçilərə hörmətlə yanaşıram. Amma görünən budur ki, Azərbaycan millisinə xarici məşqçi lazımdır. Bəli, gözləmək lazım idi. Ancaq görürsüz, məğlubiyyətlərdən sonra səbr etmək olmur. Heç kim səbr edib, gözləmək istəmir. Amma yenə deyirəm, klubda oyunçu transfer etmək olur, millidə isə nə var odur, onu oynadırsan.


- Yığma komandamıza kim kömək edə bilər, yerli yoxsa, xarici mütəxəssis? 
- Məncə, fərqi yoxdur. İstənilən halda, vaxt lazım olacaq. Bu dəqiqə əsas olan budur ki, akademiyalara, məktəblərə fikir verməkdir. Çünki futbolçular ordan gəlir.


- Bəs səncə, nəyə görə Azərbaycan yığması hazırda zəifdir? 
- Məncə, çox futbolçu keçmiş oyunçuları əvəz edə bilmədi. Rəşad Sadıqov, Aslan Kərimov, Mahmud Qurbanov və Samir Əliyevi əvəz edən oyunçular çox olmadı. Düzdür, yaxşı oyunçular az deyil Azərbaycanda. Ancaq hər halda, bu da lazımi qədər deyil.


- Demək istəyirsən ki, Azərbaycan millisinin uğurlu nəticələr qazanması üçün əsas olan baş məşqçi yox, keyfiyyətli futbolçulardır? 
- Bəli, elədir ki, var. Bayaq da dediyim kimi, yaxşı oyunçular var. Amma bu da bəs deyil. Gəlin özümüzü aldatmayaq. Hazırda Azərbaycan millisi güclü deyil.


- Qurban Qurbanov üçün “Qarabağ”da işləmək daha da asanlaşacaq? 
- Yəqin ki, elə də olacaq. Çünki paralel olaraq millidə işləyəndə məsuliyyət çox böyük idi. Klubda istənilən mövqeyə oyunçu ala bilirsən. Milli komandada isə bu olmur.


- Ancaq bəzi insanlar düşünür ki, futbolumuzun hazırkı durumunun günahkarı baş katib Elxan Məmmədovdur. Bu haqda nə deyərdin? 
- Elxan Məmmədovun nədə günahkar olduğunu bilmirəm. İndi hamı günahkardır. Nəticələr pisdirsə, hamı günahı üzərinə götürməlidir. Hazırda Azərbaycanda futbol güclü deyil. Mən bu ölkəni çox sevirəm. Ona görə də narahatam. Ancaq gəlin düz danışaq, futbolu Elxan Məmmədov oynamır axı. Necə demək olar ki, Elxan günahkardır? Əvvəllər “MKT-Araz”, “Turan”, “Karvan”, “Xəzər Lənkəran”, “Kəpəz” var idi. İndi isə klublar azdır, bütün klublar demək olar ki, Bakıdadır.


- Səncə, Qurbanov milli və “Qarabağ” arasında seçim edərkən, millini seçə bilməzdi? 
- Bu barədə bir şey deyə bilmərəm. Yəqin ki, “Qarabağ”ı da buraxmaq istəmədi, bilmirəm. “Qarabağ”da yəqin ki, daha asandır. Çoxdandır bu klubda işləyir, yeni uğurlar, nəticələr oldu. Avropa Liqası və Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazandılar. Hər halda, orda uğurlu nəticələr qazanırlar. Millidə isə çətindir.


- AÇ-2020-nin seçmə mərhələsinin başlamasına iki ay qalıb. Bu müddətdə yeni baş məşqçi ilə necə hazırlaşmaq olar, hansı nəticəni gözləmək olar milidən? 
- Bilmirəm. Milli komandaya hansı baş məşqçi gəlirsə-gəlsin, başa düşmək lazımdır ki, hazırda Azərbaycan millisi zəifdir. Çox çətin olacağı dəqiqdir. Sadəcə, bir az səbr edib gözləmək lazımdır. Bir müddət əvvəl Bakıda olduğumu bilirsiz. AFFA-nın binasında idim. İlk gördüyüm və hiss elədiyim o idi ki, böyük təzyiq var idi. Bu da Kosovoya məğlubiyyətdən sonra idi. Yaxşı düşünmək lazımdır. Millidəki futbolçular fiziki olaraq hazır deyillər. Oyunçu seleksiyasına düzgün diqqət verilməlidir. Fiziki hazırlıq da yaxşı olmalıdır.


- Bəlkə də, Azərbaycan futboluna güclü menecerlər kömək ola bilər? 
- Necə yəni?


- Azərbaycanlı futbolçuları Avropanın ortabab çempionatlarına, ortabab klublarına apararaq. Bəlkə futbolçularımız xaricdə oynasa, millimiz daha güclü çıxış edər? 
- Bəli, düzdür. Əlbəttə ki, azərbaycanlı futbolçular legioner həyatı yaşamalıdır. Bu da əsas məsələlərdən biridir. Məsələn, ən azı iki futbolçunu buraya (red - Serbiyaya), iki futbolçunu Xorvatiyaya, üç futbolunu da Sloveniyaya göndərmək lazımdır. Azərbaycan çempionatı isə ümumiyyətlə güclü deyil. Əvvəlki illərlə müqayisədə böyük fərq var.


- Azərbaycan futbolunun əsas problemləri hansılar oldu indi? 
- Səviyyəli oyunçular, liqa, seleksiya, qidalanma, istirahət, həyat tərzi. Bütün bunlar milliyə də təsir edir. Azərbaycanlı futbolçular Avropaya açılmalıdır, xarici klublarda oynamalıdılar.


- Demək olar ki, sənin millidə oynadığın vaxtlarda milli daha güclü idi, nəinki indi? 
- Bu barədə danışmaq düzgün çıxmır. Ancaq düşünürəm ki, o vaxtı milli güclü idi. Yerli oyunçular güclü idi. Düzdür, məğlubiyyətlər olurdu. Lakin həmin vaxt yerli futbolçular daha güclü idi. Nə baş verdiyini anlamıram, ancaq əvvəlki futbolçular kimi futbolçular çox azdır.


- “Qarabağ” son vaxtlar avrokuboklarda və yerli çempionatda istənilən səviyyədə çıxış etmirdi. Çoxu düşünürdü ki, Qurban Qurbanov millidə də işlədiyinə görə belədi. Ancaq hazırda Qurbanov yalnız “Qarabağ”ın çalışdırıcısıdır. Düşünmək olar ki, “Qarabağ”ın işləri qaydasına düşəcək? 
- Bu barədə bir söz deyə bilmərəm. Dediyim kimi, klubda transferlər etmək mümkündür, oyunçuları dəyişirsən, alırsan. “Qarabağ”da işlərin necə olacağını bilmirəm. Amma görünən odur ki, sanki yollarını itirmişdilər. Fikrimcə, onların işi də qaydasına düşəcək.


- Yeri gəlmişkən, “Qarabağ” sabah Avropa Liqasının qrup mərhələsinin son turunda “Arsenal” önünə çıxacaq. Necə düşünürsən, Ağdam təmsilçisi Londonda sensasiya edə bilər? 
- Bəli, maraqlı və gərgin oyun olacaq. Sensasiya barədə bir söz deyə bilmərəm. Çünki rəqib elə-belə komanda deyil, “Arsenal”dır. “Arsenal”la görüşdə sensasiya etmək çətin görünür. Amma istənilən halda, “Qarabağ”lı oyunçular öz güclərinə inanıb, sona qədər mübarizə aparmalıdır. Belə olan halda, yaxşı nəticə də olar.


- Sabiq komandaların arasında sənin üçün ən doğması yəqin ki, “Neftçi”dir. Bu komanda qış çempionu oldu. Necə düşünürsən, onlar bu mövsüm çempion ola biləcək? 
- Məncə, “Neftçi” bu mövsümün çempionu ola bilər. Çünki onlar hazırda düzgün yoldadır. Düzdür, hələ qarşıda uzun yol var. Sona qədər oynayıb, çətinliklərə qalib gəlmək lazımdır. Amma görünən odur ki, “Neftçi” düzgün yoldadır və bu mövsüm çempionluğu bayram edə bilərlər.


Digər xəbərlər

Xəbər xətti