Gündüz Abbaszadə “Dik daban”da çox sərt danışdı: "FUTBOLÇULARIMIZ SAVADSIZDIR" - VİDEO

04:15 24 Dekabr 2018

“Bütün dünya praktikasında ən yaxşı şərhçilər keçmiş futbolçulardı.Amma Azərbaycanda bu, yoxdur, yetişmir, bir-iki istisnalar var, o da ümumi qaydanı pozmur”.

 

Sportarena.az xəbər verir ki, bu sözləri futbol şərhçisi Gündüz Abbaszadə “Dik daban” verilişində dilə gətirib.

 

Onun sözlərinə görə, Azərbaycanda elə bir futbolçu yoxdur ki, onu karyerasını bitirdikdən sonra rahatlıqla televiziyaya dəvət edib müqavilə bağlayasan:

 

“Üç cümləni qoşub danışa bilmirlər. Məndən inciməsinlər, çünki bizdə futbolçular çox savadsızdırlar.

 

Əlbəttə, qaydaları çox yaxşı bilirlər, amma bunu ifadə edib tamaşaçıya çatdırmağı bacarmırlar. Mən “Neftçi”də işlədiyim dövrdə, çilili bir futbolçu vardı.Komandaya yeni gəlmişdi, biz Avstriyaya təlim-məşq toplanışına gedirdik. Baxdım, Nikolas Kanales əlində Umborto Eko oxuyur.  Çox təəccübləndim.

 

Azərbaycanlı futbolçular isə təyyarə enməyə başlayanda, pəncərədən boylanıb maşın axtarırlar. İstisnalar da var, məsələn, “Səbail”in qapıçısı Emil Balayev 4 dil bilir”.

 

Gündüz Abbaszadə bildirib ki, ümumiyyətlə, mütaliəsi və dünyagörüşü ola futbolçu meydanda da dərhal seçilir.

 

“Deyək ki, Azərbaycanın ən sayılıb-seçilən futbolçularından biri Araz Abdullayevdir. Onu Kriştiano Ronaldoyla bir tərəziyə qoyaq. Sırf dünyagörüşü baxımıdan.

 

Onları ümumiyyətlə, tərəziyə qoymaq düzgün deyil. A.Abdullayevə həmkarımız sual vermişdi ki, “Çingiz Abdullayevi tanıyırsınız?” cavabında “hə, yaxşı şairdir” söyləmişdi.

 

Bu sözü deyən Araz Abdullayevə necə güvənə bilərəm ki, sabah gəlib efirdə futbolu izah və ya şərh edəcək”.

 

 


Xəbər xətti