AFFA millimizə yeni baş məşqçi tapmaq üçün BERTİ FOQTSDAN KÖMƏK İSTƏDİ

01:00 30 Dekabr 2018

AFFA yığmaya baş məşqçi axtarışını davam etdirir.

 

Sportarena.az xəbər verir ki, çox güman, təyinat növbəti il gerçəkləşəcək.Təbii ki, namizədlərin hamısı əcnəbilərdi. Federasiyanın hədəfində olan ən real namizəd isə yığmamızda çalışmaqdan imtina edib.Söhbət Fernando Yerrodan gedir.. Yerro son dünya çempionatında İspaniya millisinə rəhbərlik edirdi. O, qalmaqallı şəkildə “Real”a üz tutan Xulen Lopeteqinin millidən qovulmasından sonra bu posta məcburən yiyələnmişdi.

 

Deyilənə görə, Yerro ilə AFFA ortaq məxrəcə gələ bilməyib. Bunun səbəbi isə çox maraqlıdı. Belə ki, Yerro bizimkilərin millini AÇ-2020-nin final mərhələsində görmək istəyinin reallıqdan uzaq olduğunu deyib.

 

Ancaq ispan mütəxəssis fikrini dəyişsə, tərəflər yenidən masa arxasına otura bilər.


Yığmaya daha bir namizədin adı çəkilir. Həmin mütəxəssis bu ilin oktyabrında Yunanıstan millisindən istefaya göndərilən Mihael Skibbedi.

 

Yunanların uğursuz çıxışı alman mütəxəssisin qovulmasına səbəb oldu. Skibbe 2015-ci ilin oktyabrından sözügedən millini çalışdırırdı. Onun buna qədər son komandası Türkiyədə "Əskişəhərspor" olub.

 

Alman daha əvvəl "Qalatasaray" və "Karabükspor"un “sükanı arxasında” yer alıb və uğursuzluqları ilə diqqəti çəkib.

 

Ümumiyyətlə, 53 yaşlı mütəxəssis karyerası ərzində ölkəsinin yığmasında köməkçi olmaqla yanaşı, "Şalke-04", “Borussiya” (Dortmund), "Bayer-04, "Ayntraxt" (Frankfurt), "Herta" və "Qrasshoppers"ın sükanı arxasında olub.


AFFA-ya yaxınlığı ilə bilinən menecerlər hazırda İspaniya, Portuqaliya və İtaliyada bir neçə məşqçi ilə də görüşür.

 

Bu işdə Berti Foqtsdan da kömək istənilib. 8 ilə yaxın müddətdə millimizi çalışdırmış almaniyalı mütəxəssisdən öz fikirləri və əlaqələri hesabına AFFA-ya yardım etməsi xahiş olunub.

 

O, federasiyanın maraq dairəsindəki məşqçini Azərbaycana getməyin doğru addım olmasına inandırmalıdı.(sportinfo.az)


Digər xəbərlər

Xəbər xətti