"Oyunumla hər kəsin cavabını verdim" - "Qarabağ"ın sabiq futbolçusu

11:45 11 Yanvar 2019

"Karyeramda bir mövsüm ərzində heç vaxt bu qədər qol vurmamışdım. Çinə gələndə bilirdim ki, məndən çox şey gözləyirlər. Oyunumla hər kəsin cavabını verdim, hətta daha artığını etdim".

 

Sportarena.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın sabiq hücumçusu Dino Ndlovu deyib. Ötən ilin qış fasiləsində 700 min avro qarşılığında Ağdam klubundan Çinin "Hanjou Qrintaun" klubuna keçən CAR millisinin üzvü növəti mövsüm üçün hədəflərini açıqlayıb. O, Çində başa çatan mövsümdə Super Liqaya yüksəlmədikləri üçün təəssüfləndiyini deyib: "Super Liqaya vəsiqəni son turda əldən verdik. Əla şəkildə keçirdiyimiz mövsümdə elitaya yüksəlməmək qəlbimizi qırdı. Özümə də çox sual vermişəm. Ancaq biz gənc klubuq. İndi təcrübəmiz var. Bu mövsüm hədəfimiz Super Liqadır. Bunun üçün sona qədər mübarizə aparacağıq. Hədəfə çatmaq istəyirik".

 

28 yaşlı forvard Çindəki həyatından danışıb: "Çində hər dəqiqə mənə xoş gəlir. Çoxlu Çin yeməkləri var və onlar ləzzətlidir. Mən Çin mətbəxindəki yeməklərin çoxunu sevirəm. Çinə yeni gələndə dil problemiylə üzləşdim. Lakin əsas lazım olan şeyləri bilirəm. Fikrimi ifadə edirəm və bir çox şeyləri anlaya bilirəm. Burada olmaq mənə digər mədəniyyətlərə hörmət etməyi öyrətdi".

 

Qeyd edək ki, Ndlovu 2016-cı ildə Kiprin "Anortosis" klubundan "Qarabağ"a keçmişdi. Cənubi afrikalı forvard 2018-ci ilin qış transfer dönəmində "Hançjou Qrintaun"a keçmişdi. O, Çin I Divizionunda 24 oyuna 19 qol vurmuşdu. Dino "Qarabağ"da 32 oyunda 17 dəfə qapılara yol tapmışdı.


Digər xəbərlər

Xəbər xətti