"Mən heç vaxt "Qarabağ"da oynamayacam" - Kamran Ağayev

15:26 29 Yanvar 2019

"Mənim futbolçu kimi yetişməyimdə bir sıra məşqçilərin əməyi olub. İslam Kərimovun, Cəmalədin Əliyevin, Ağasəlim Mircavaovun adını çəkə bilərəm. Qurban Qurbanov isə məni  ikinci dəfə futbola qaytardı. Bunu söz xatirinə, kiməsə xoş gəlmək üçün demirəm. Nə də kimsə elə başa düşməsin ki, bəlkə belə deməklə "Qarabağ"a getmək istəyirəm. Xeyr, belə bir fikrim, niyyətim yoxdur. Mən heç vaxt "Qarabağ"da oynamayacam, bunu açıq şəkildə deyirəm".

 

Sportarena.az xəbər verir ki, bu sözləri "Xəzər" TV-də yayımlanan "Futbol saatı" verilişində qonaq olan milli komandamızın və "Keşlə"nin qapıçısı Kamran Ağayev deyib.

 

O, Qurbanova qarşı etdiyi düz olmayan hərəkət haqda da danışdı: "Qurbanov milli komandada mənim qoluma kapitanlıq sarğısı taxdı, mənə inandı. Bundan başqa, böyük kimi düz yola çəkdi, bəzi şeylərdən çəkindirdi. Məsələn, dedi ki, meyxanadan kənar dur. Ona görə yox ki, Qurban müəllim meyxanaya qarşıdır. Sadəcə, dedi ki, sən meyxana deyirsən, oyunda səhv edəndə hamı tənqid edəcək ki, fikri qalıb meyxanada, futbol yadından çıxıb. Ona qarşı düzgün etmədiyim yeganə hərəkət milli ilə Kosovaya getməməyim oldu. Sonradan bildim ki, o da buna görə məndən inicyib. Guya zədəm olmaya-olmaya oyuna getməməyim boş söhbətdi. Həmin vaxt zədəm var idi və hətta bunu Qurban müəllimdən də gizlətmişdim. Sonradan hər şeyi özünə dedim və o da məni başa düşdü. Sadəcə, incimişdi ki, mən komandanın kapitanı idim və oynamasam belə, mənəvi dəstək üçün Kosovaya getməli idim. Bu məsələdə haqlı idi, mən heç işin bu tərəfini ağlıma gətirməmişdim".


Digər xəbərlər

Xəbər xətti