"Tələsməyin, sizin də... Az qalıb, çox az” - “Forza Neftçi”nin şefindən SƏRT MESAJ

15:00 13 Fevral 2019

Son Azərbaycan derbisinə azarkeşlər xüsusi rəng qatdı.

 

Bir tərəfdə “İmarət”in, digər yanda “Forza Neftçi”nin üzvləri elə atmosfer yaratmışdılar ki...

 

İzah etməyə söz tapmaq olmur. Həmin gün Azərbaycan səviyyəsində yetərincə baxımlı azarkeşlik izlədik. 

 

Sportarena.az xəbər verir ki “Neftçi”nin özünə gəlməsi, hər gün çempionluğa bir addım da yaxınlaşması sadiq azarkeşlərini hərəkətə keçirib.

 

İndi onların sayı da əvvəlkinə nisbətən çoxalıb, həvəsləri də. Halbuki Sadıq Sadıqovun prezident postundan getməsindən sonra “ağ-qaralar” uzun müddət uğursuzluq zolağından çıxa bilmirdi.

 

Bir ara turnir cədvəlinin “dib”inə yuvarlanması, “Qəbələ”yə 0:8 hesablı məğlubiyyət, Elxan Abdullayevin onları “xuliqan” adlandırması – bütün bunlar “forzalılar”da böyük gərginlik yaratmışdı.

 

Artıq həmin günlər geridə qalıb, fanatlar ümidləniblər. İşlərin rəvan getdiyi vaxtda “Forza Neftçi”nin rəhbəri Sübhan Əliyevin “feysbuk”dakı şərhi diqqətimizdən yayınmadı.

 

Deməli, “Qarabağ” – “Neftçi” oyununda “Neftçi” azarkeşlərinin yer aldığı tribunanın şəkli paylaşılıb və fotoya “ya çəkil, ya əzil” başlığı qoyulub.

 

Hamıdan əvvəl qrupun rəhbəri şərh yazıb: “Sapı özümüzdən olan bəzi ultrascıqlar, tələsməyin, sizin də... Az qalıb, çox az”.


Xəbər xətti