"Neftçi"nin direktorunun evindən oğurluq edənlərlə bağlı ŞOK XƏBƏR

15:15 14 Fevral 2019

“Neftçi”nin idman direktoru Ceyhun Sultanov yanvarın lap əvvəlində xoşagəlməz olayla üzləşdi.

 

Sportarena.az xəbər verir ki, onun Tbilisi prospektikində, Yasamal rayonu Şəfaət Mehdiyev 1054 ünvanında yerləşən mənzilini oğru “aparıb”.

 

Hadisə yanvarın 1-dən 2-nə keçən gecə baş verib. Oğru 21 mərtəbəli binanın fasadından öncə 19-cu mərtəbəyə enib.Ordakı evi yarandan sonra 11-ci etaja düşüb. Özü də bir-birinə bərkidilmiş kəndirlər vsitəsilə. Aynabənddən mənzilə keçən “çağırılmamış qonaq” içəridə gözünə nə dəyibsə, hamısını “silib-süpürüb”.

Pul, qızıl zinət əşyaları, şuba və.s.  Hadisəni törədən şəxs peşəkar oğrudu. Hər halda hadisə yerində təhqiqata başlayan polis əməkdaşları bu fikirdədi.Onları bu qənaətə gətirən səbəb cinayətkarın “iş”ini ustalıqla görməsidi. Belə ki, o, əvvəlcə fasada yerləşdirilmiş kameranın üzərinə torba keçirib.Üzünü şərflə bağlamış və gözünün üstünü papaqla örtmüş oğru demək olar əl izi qoymayıb, qara əlcəkdən istifadə edib. 

 

Sultanovlar həmin vaxt Azərbaycanda olmayıb. Yeni ili Gürcüstanda keçirən ailə günün ikinci yarısında Bakıya dönüb.Bu zaman binanın həyətində hüquq-mühafizə orqanlarının nümayəndələri ilə qarşılaşıblar. Polislər onadək elə bilib ki, oğru yalnız 1 evi soyublar.Ceyhun Sultanov mənzilinin qapısını açıq, işıqların yanmasını görəndən sonra məlum olub ki, əslində, cinayətkar iki yerə “baş çəkib”.

Hadisəylə əlaqədar cinayət işi açılıb, axtarışlar davam etdirilir.

 

Sultanov Sportinfo.az-a açıqlamasında oğruların hələ də tapılmadığını bildirib:

 

“Evdən getdiyimi bir aşağıdakı komendant bilirdi, vəssalam. Şübhələndiyim adam yoxdu. Evə də binanın damına çıxaraq, ordan iplə giriblər.19-cu mərtəbədəki evi yarandan sonra, düşüb 11-ci mərtəbəyə mənim evimi soyublar. Yasamal polisi bu işi görənləri axtarır.Məni də bir neçə dəfə çağırıb, əlavə izahat alıblar. Şübhəli şəxs qismində bir neçə nəfər gözaltına alınsa da, hələlik oğurluğun üstünü açmaq mümkün olmayıb.Binanın özündə və həyətində olan bütün kameralara baxış keçirilib. Hətta küçədə və ətraf ərazidə qoyulan kameralar da yoxlanılıb.

Oğurluğa gələnlər iki nəfər olub, biri yuxarı qalxıb, biri də yaxınlıqdan ona göstərişlər verib.Evi yarandan sonra hər ikisi bir taksiya əyləşərək, “20 yanvar” metrosu istiqamətində hərəkət ediblər, sonra da qaranlıqda binaların arasında gözdən itiblər.Onları aparan taksinin sürücüsü müəyyənləşdirilib və sorğu-suala cəlb olunub. Sürücü həmin adamları yoldan götürdüyünü və tanımadığını söyləyib.

Oğruları üzdən tanımaq qeyri-mümkündü. Çünki binaya qalxan adam başına papaq qoyub və şərflə üz-gözünü bağlayıb.Kimlərdisə, çox peşəkar oğrudular. Qara əlcəkdə olublar. Elə “işləyiblər” ki, nəinki əl, heç ayaq izlərini də tapmaq mümkün deyil.Yalnız evdə çarpayının üzərində qara rəngli, “şlanq”a oxşayan elastik dəyənək qoyub gedibər.Güman ki, bunu hər ehtimala qarşı özləriylə götürüblər. Birdən evdə kimsə olar deyə… Boğmaq üçün.

 

 

Onu da deyim ki, mən bu evi hələ bir neçə ay qabaq satmaq istəyirdim. Darısqallığa görə. Ev alqı-satqısı ilə məşğul olan “maklerlər”ə elan vermişdik.

Ağlımıza da gəlməzdi ki, 11-ci mərtəbədə yerləşən mənzilə mansardan düşən oğru girər. Eyvana mühəccir vurmamışdıq, indi baxıram ki, qonşular hamısı belə edir.

Adam üçüncü mərtəbədən yerə baxanda, az qalır ki, başı gicəllənsin. Təsəvvür edin ki, oğru mansardan əvvəlcə 19-cü mərtəbəyə enib, ordan kəndirlə 11-ə. Sonra da ensiz, amma uzun “qara yol”la evə keçib.

 

Hər alpinist belə, bu riskə getməzdi, çünki ayağı bir balaca düz atmayan kimi ordan yerə yıxılacaqsan.Mən belə oğurluq hadisəsi nə görmüşdüm, nə də eşitmişdim”.


Digər xəbərlər

Xəbər xətti