Reynaldo: "Cərimə zərbəsini vurmaq üçün xahiş etdim" - AÇIQLAMA

21:00 23 Fevral 2019

"Çox maraqlı oyun oldu. İlk növbədə komanda yoldaşlarımı təbrik etmək istəyirəm".

 

Sportarena.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın hücumçusu Reynaldo Silva Premyer Liqanın XVIII turunda "Sabah"la 1:1 hesablı heç-heçə etdikləri qarşılaşmadan sonra deyib.

 

Komandasının qolunu vuran braziliyalı oyunla bağlı fikirlərini bildirib: "Birinci hissədə yaxşı oynadıq. Bəzi qol vəziyyətlərimiz oldu. Oyunun taleyini həll etmək öz əlimizdə idi. Təəssüf ki, alınmadı. Xal itkisinə baxmayaraq, yaxşı mübarizə apardıq. Rəqib komandanı da təbrik etmək istəyirəm. Onlar da yaxşı oynadılar. Düşünürəm ki, doğru yoldayıq. Qarşıdakı matçlarda daha yaxşı nəticələr olacaq".

 

Qış fasiləsində "Qarabağ"a qayıdan Reynaldo dönüşündən sonrakı ilk qoluna da münasibət bildirib: "Uzun müddətdən sonra "Qarabağ"ın heyətində qol vurduğum üçün sevincliyəm. Təəssüf ki, bu qol komandaya 3 xal gətirmədi. Cərimə zərbəsi zamanı Rəşad Sadıqov yanımda idi. Zərbə vurmaq üçün ondan xahiş etdim. O da razılıq verdi. Əvvəlki oyunlarda uyğunlaşmaq baxımından bir az çətinlik çəkirdim. İlk dəfə bu gün start heyətində meydana çıxdım. Fikrimcə, ikinci hissədə əvəzlənməyim normal idi. Öz üzərimdə işləməyə davam edirəm. Ümid edirəm ki, növbəti oyunlarda məşqçi məni daha çox oynadacaq".

 

30 yaşlı forvard "Qarabağ"dakı ilk dönəmi ilə müqayisədə Premyer Liqanın hazırkı klublarının indi daha çox qapalı futbol oynadıqlarını söyləyib: "- Komandalar bir az taktiki cəhətdən artırıblar. Daha qapalı futbol nümayiş etdirirlər. Qol vurmaq daha çətindi. Deməzdim, komandalar zəifdi. Artıq qapalı müdafəni yarmağın yolunu axtarmalıyıq. Çıxış yolu tapmalıyıq ki, daha asan olsun".


Xəbər xətti