"Bizim də fanatlar bu hərəkəti “Qarabağ”ın oyunçularına qarşı edə bilər" - AÇIQLAMA

11:28 24 Fevral 2019

"Böyük kluba qarşı oynadığımızı bilirdik. "Qarabağ" istər Azərbaycan çempionatında, istərsə də avrokuboklarda uğurlu çıxış edir, ölkəmizi layiqincə təmsil edir”. 

 

Sportarena.az xəbər verir ki, bu sözləri "Sabah"ın kapitanı Cavid İmamverdiyev Premyer Liqanın XVIII turunda evdə "Qarabağ"la 1:1 hesablı heç-heçə etdikləri oyundan sonra deyib.

 

Futbolçu oyunla bağlı fikirlərini bildirib: "Qarabağ"la ilə oyuna futbolçunu kökləmək üçün əlavə nəsə deməyə ehtiyac yoxdur. Belə kluba qarşı oynamaq hər futbolçu üçün stimuldur. Fikrimcə, komandamız mübarizə apardı və bunun nəticəsində xal qazandıq. Geridə olsaq da, qol vurduq. "Qarabağ”la oyunda mübarizəni sona kimi davam etdirdik".

 

Kapitan aqressiv oynamaları ilə bağlı danışıb: "Bunun səbəbləri çoxdu. Neçə tur idi ki, qələbə qazanmırdıq. Bizə özümüzə gəlmək lazım idi. Yaxşı nəticə gələcək oyunlar üçün stimul ola bilər. Digər tərəfdən də "Qarabağ” kimi komandaya qarşı hər kəs özünü göstərmək istəyir. Hər kəs ən yaxşı oyunlarından birini keçirmək üçün oyuna çıxır. Aqressiv oynamasan, fikrimcə, "Qarabağ” nəinki bizi, bütün komandaları rahat şəkildə uda bilər. Ona görə də belə komandalara qarşı aqressiv oynamaq lazımdı".

 

İmamverdiyev hakimliklə bağlı danışmaq istəməyib: "Mən heç vaxt hakimlik haqda danışmıram. Onların rəhbəri var, özləri qərar verərlər. Bizim işimiz hakimin qərarlarına əməl etməkdi".

 

Futbolçu "Başqa komandalara qarşı "Qarabağ"la oynadığınız kimi çıxış etmək olmaz" sualına belə  cavab verib: "Əlbəttə ki, olar. Amma "Qarabağ" elə rəqibdi ki, ona qarşı köklənmək üçün nə məşqçinin, nə də başqa birinin əlavə söz deməsinə ehtiyac yoxdu. Çünki böyük kluba qarşı oynayırsan. Futbolda bəzən elə olur ki, başqa rəqibə qarşı köklənə bilmirsən. Amma "Qarabağ" və "Neftçi" kimi komandalarla oyunlarda böyük həvəsin olur, özünü göstərmək istəyirsən".

 

Cavid "Qarabağ” azarkeşlərinin Rəşad Eyubovu söyməsinə də münasibət bildirib: "Sözün düzü, mən söyüş eşitməmişəm. Azarkeşlərə axı sən nə deyə bilərsən ki? Sən futbolçusan və oyununu oynayırsan. Rəşad yaxşı futbolçu olmaqla yanaşı, mərifətli, qanacaqlı oğlandı. İnanıram ki, o, bu şeylərə fikir verməz. Azarkeşlərə nəsə demək olmaz. Onlar da istəyir ki, komandaları udsun. Bizim də fanatlar bu hərəkəti "Qarabağ”ın oyunçularına qarşı edə bilər. Nə etmək olar axı?"

 

İmamverdiyev çempionluq mübarizəsi ilə bağlı da danışıb: "Məncə, hər ikisi çempionluq yolunda rahat oynayacaq. Ötən illərlə müqayisədə güclü rəqabət olacaq. "Neftçi" "Qarabağ"a qarşı rəqabət aparacaq. Bu da Azərbaycan futbolu adına sevindirici haldı. Hər il deyirdik ki, "Qarabağ" çempion olacaq. Bu mövsüm isə "Neftçi" onlarla mübarizə aparır. Kim güclüdüsə, o da qalib gəlsin".


Digər xəbərlər

Xəbər xətti