"Anlamıram ki, belə meydanda oynamağa necə icazə verilir" - "Qarabağ"ın yarımmüdafiəçisi

21:37 3 Mart 2019

“Qarabağ”ın futbolçusu Dani Kintana Azərbaycan Premyer Liqasının XIX turunda səfərdə “Keşlə” üzərindəki qələbədən (1:0) sonra jurnalistlərin suallarını cavablandırıb.

 

Sportarena.az xəbər verir ki, 31 yaşlı ispaniyalı yarımmüdafiəçi əvvəlcə matç barədə fikirlərini bildirib:

 

- Qələbəyə layiq oynadıq. Mövsümün ən yaxşı oyunlarından birini keçirdik. Konsentrasiya, əzmkarlıq, xarakter... – hər şey var idi oyunumuzda. Ona görə də layiqli qələbə qazandığımızı düşünürəm.

 

- Meydançanın vəziyyəti oyununuza necə təsir etdi?
- Başa düşə bilmirəm ki, hətta I Divizionda necə belə meydanda oynamağa icazə verilir. Bəli, sintetik örtüklü meydançalar var, ancaq onlar son nəsildi. Onlarda oynamağı anlamaq olar. Ancaq bu səviyyədə necə icazə verildiyini başa düşməkdə çətinlik çəkirəm.

 

- Nəzərə alsaq ki, bir qədər zədəyəmeylli oyunçu sayılırsan. Bu gün zədələnmək qorxusu var idimi?
- Belə meydanlarda özümü rahat hiss etmirəm. Bunu fiziki yox, daha çox psixoloji çatışmazlıq adlandırardım. Bunun öhdəsindən gəlməyə çalışıram.

 

- “Neftçi”nin dünən qələbə qazanması komandanın üzərində təzyiq yaratmışdı?
- Öz aramızdakı söhbətlərdə həmişə danışırıq ki, başqa oyunlara fikir verməyək. Nə bacarırıqsa, düşüncəmizi ona yönəltməyə çalışırıq. Digər məsələlərə diqqət yetirmək istəmirik.

 

- “Qarabağ” son 5 ildə bir qədər rahat çempionluqlar əldə edib. Ancaq indi “Neftçi” hegemonluğunuza son qoymağa çalışır. Təhlükə hiss edirsizmi?
- Bir daha təkrar edim ki, biz diqqətimizi yalnız öz oyunumuza yönəltmişik. “Neftçi”nin qələbə qazanmasının və ya məğlub olmasının bizim oyunlara köklənməyimizə heç bir təsiri yoxdu. Bizim istəyimiz meydanda bütün bacarığımızı qoyub, qələbə qazanmaqdı.

 

- “Qarabağ” bu mövsüm çempion olmasa bunu uğursuzluq hesab edəcəksən?
- Çempion olmasaq, böyük məyusluq yaşayacağıq. Çünki 10-11 ay ərzində bunu edə bilmək üçün əziyyət çəkirik. Təbii ki, istəyimizə nail olmasaq böyük məyusluq yaşayacağıq.

 

- Çempionluq potensialı varmı, yoxsa avrokuboklarda ardıcıl çıxışlardan sonra bu, sizin üçün ikinci plana keçib?
- Avrokubokların bu məsələyə heç bir dəxli yoxdu. 4 ildi “Qarabağ”dayam və hər mövsüm avrokuboklarda qrup mərhələsində çıxış etmişik. Bunun çempionluq iddialarımıza heç bir təsiri yoxdu. Komandada çempionluq üçün yetəri qədər potensial görürəm.


Digər xəbərlər

Xəbər xətti