"Biz də istəyirik ki, Premyer Liqada 10 komanda olsun" - Elxan Məmmədov

11:53 4 Mart 2019

Bu gün AFFA İcraiyyə Komitəsinin növbəti Hesabat Konfransı keçirilib.

 

Sportarena.az xəbər verir ki, AFFA-nın baş katibi Elxan Məmmədov konfransda ötən ili dəyərləndirib: 

 

“Ötən il futbolla bol il idi. İldən-ilə futbol turnirləri, milli komandaların oyunları çoxalır. Ötən il Millətlər Liqasında qrupda birinci olmaq istəyirdik. Lakin alınmadı. Ruhdan düşməməli, işimizi davam etdirməliyik. Milli komandamız növbəti turnirlərdə bizi sevindirməlidir”.

 

Qurum rəsmisi həyata keçirdikləri layihələrdən söz açıb: “Futbol təkcə 11 nəfərin oynadığı oyun deyil. Bura bir neçə layihə daxildir. Gənclər və İdman Nazirliyi və Təhsil Nazirliyinin dəstəyi ilə bir neçə layihəni həyata keçiririk”.

 

Elxan Məmmədov uşaq futbolundan danışıb: “Bəzən söyləyirlər ki, Azərbaycanda uşaq futboluna diqqət yetirilmir. Onu söyləyənlərin futboldan anlayışı yoxdur. Hər həftə uşaq liqalarında kifayət qədər oyun keçirilir. Problemlər var. Bu problemləri hər zaman müzakirə edirik və aradan qaldırmağa çalışırıq. Bütün problemləri aradan qaldırmaq asan deyil. İstedadlı azyaşlı futbolçularımız var. Klublarımızın gənc komandaları bizi beynəlxalq yarışlarda layiqincə təmsil edirlər. Lakin futbolçular peşəkar müqavilə imzaladıqdan sonra passivləşirlər. Bunun olmaması üçün valideynlər və müəllimlər uşaqalara diqqət yetirməlidirlər. Bunu aradan qaldırmaq üçün məşqçilər üçün kurslar təşkil edirik və kursdan uğurla keçə bilməyənlər məşqçi kimi çalışa bilmirlər”. 

 

Baş katib Premyer Liqada komanda sayının azlığı ilə bağlı fikirlərini bildirib: “Premyer Liqada 8 komanda iştirak edir və narazılıqlar var. Biz komanda sayının artırılmasını istəyirik. 8 komandalı çempionatda çıxış edən klublarımız avrokuboklarda iştirak edir. Biz istəyirik ki, 10 komanda olsun, ancaq mübarizə apara biləcək klublar olsun. Premyer Liqada iştirak etmək istəyən klub maliyyə hesabatını şəffaf şəkildə ictimaiyyətə təqdim etməlidir. Premyer Liqada çıxış edən klubun 2 milyon büdcəsi olmalıdır və bunun bir hissəsi təminatlı olmalıdır. Əvvəlki illərdə bəzi klublar çempionatın ortasında fəaliyyətini dayandırmaq istəyirdilər. Ancaq təminat məktubunun hesabına həmin klubların dağılmasına imkan verilmədi”. 


Digər xəbərlər

Xəbər xətti