U-15 Liqası: Lider dəyişdi

13:21 4 Mart 2019

Həftəsonu U-15 Liqasında 18-ci turun oyunları keçirildi. Turun mərkəzi oyununda sevinən tərəf «Neftçi» oldu. Digər əhəmiyyətli görüşdə isə «Keşlə» vacib 3 xaldan oldu. Bu tur həm də lider dəyişikliyi ilə yadda qaldı. Əgər buna dəyişiklik demək olarsa…

 

«Neftçi» İK İB – «Mil-Muğan» 2:2
Qollar: Ramal İsmayıllı, 2 (avtoqol); Müseyib Beydiyev, 58 – Əli Fətəlizadə, 44, 69

 

Turun açılış matçı barədə ətraflı məlumat ala olmasa da, protokolu əldə edə bildik. Çempionatın autsayderlərindən olan «Mil-Muğan» gözlənilmədən «Neftçi» İK İB ilə səfər matçından 1 xal götürməyi bacardı. İmişli təmsilçisi oyunun gedişində hesabda 2 dəfə geridə olmasına baxmayaraq, bombardiri Əli Fətəlizadə ilə məğlubiyyətdən yaxa qurtara bildi.

 

«Neftçi» - «Qarabağ» 3:0
Qollar: Sərxan Məmmədov, 14; Ağadadaş Salyanski, 56; Oruc Məmmədov, 69 (pen.)

 

Ötən tur təhlükəli «Keşlə»ni səfərdə məğlub edən «Neftçi» bu dəfə «Keşlə»dən heç də zəif olmayan «Qarabağ»ı 3 qolla məğlub etdi. Meydan sahiblərinin üstünlüyü ilə keçən görüşdə hesabı Oruc Məmmədovun cinah ötürməsindən sonra Sərxan Məmmədov açdı. Hesabda öndə olmalarına baxmayaraq, oyunun qalan vaxtında da topa daha çox «Neftçi» nəzarət edirdi. Bu üstünlüyün nəticəsi kimi Eldəniz Məmmədovun yetirmələri 56-cı dəqiqədə 2-ci qolu vurdular. Oruc Məmmədovun zərbəsindən sonra «Qarabağ»ın qapıçısı Tərxan Mehmanlı topu dəf etsə də, hamıdan tez özünü topa çatdıran Ağadadaş Salyanski toru silkələdi. 
«Neftçi» bir daha matçın başa çatmasına 1 dəqiqə qalmış sevindi. Bahadur Quliyevə qarşı cərimə meydançasında edilən kobudluğa görə təyin olunan penaltini «Neftçi»nin həmin gün ən yaxşısı Oruc Məmmədov qola çevirdi. Yeri gəlmişkən, bu matçda «Qarabağ»dan oyunu ilə seçilən kapitan Zeynal Axundzadə idi. 

 

Bununla da «Neftçi» çempionluq yarışından düşmədi. İndi «flaqman»ın 15 yaşlıları «Qəbələ» və «Sabah»dan cəmi 3 xal ayırır. 

 

Gəncə TİM – «Sabah» 1:2
Qollar: Sərxan Ağayev, 54 – Firəddin Abdullayev, 40; Qəşəm Məmmədov, 67

 

Sözügedən matç Gəncə TİM-nin meydanında keçirilməli idi. Amma oranın bərbad olması üzündən «Sabah»ın səyi ilə qarşılaşma Göygöl OİK-nin meydanına salındı. Hamar meydana baxmayaraq, «Sabah» qələbəni çətinliklə qazana bildi.

 

Qonaqların üstünlüyü şəraitində keçən matçda ilk hissədə hesab açılmadı. Fasilədən sonra isə «Sabah» qol vurmağa müvəffəq oldu. 40-cı dəqiqədə gəncəlilərin qapıçısı Fərid Əhmədovla üz-üzə qalan Firəddin Abdullayev fərqləndi. Gözləmək olardı ki, bundan sonra «Sabah» daha 1-2 qol vuraraq rahatlaşacaq. Amma bunun əksi baş verdi. 54-cü dəqiqədə əks-hücumların birində Sərxan Ağayev «Sabah»ın qapıçısı Ayxan Qələndərli ilə dueldən qalib ayrılaraq hesabı bərabərləşdirdi. 

 

Gözlənilməz vəziyyətdə özünü itirməyən qonaqlar hər halda istəklərinə çata bildilər. Matçın başa çatmasına 3 dəqiqə Mürsəl Həsrətovun cinah ötürməsini Qəşəm Məmmədov başla qapıdan keçirdi və komandasının vacib 3 xal qazanmasının səbəbkarı oldu. Yeri gəlmişkən, qələbə topunun müəllifi və assistenti oyuna sonradan qoşulmuşdular.

 

Gəncə TİM-nin baş məşqçisi İntiqam Səmədov bakılıların heyətində ən çox Ayxan Allahverdiyev və Qəşəm Məmmədovun oyunu xoşladığını söylədi. «Sabah»ın baş məşqçisi Namiq Allahverdiyev isə gəncəlilərin heyətində Fərid Əhmədovla Sərxan Ağayevin adını çəkdi.

 

İsgəndər Cavadov BFA – «Qəbələ» 0:6
Qollar: Elmir Hüseynli, 16, 25, 42; Sərxan Mirzəzadə, 20 (pen.), 33; Sahil Həsənov, 31

 

Austayderlə liderdərdən birinin görüşündə gözləndiyi kimi böyük hesab qeydə alındı. Qonaqlar sensasiyaya imkan vermədilər. 3 xalı 6 qolla qazanan Ülfət Mədətovun yetirmələri 1-ci pilləyə yüksəldilər. Doğrudur, «Qəbələ» «Sabah»la eyni xal toplayıb. Amma daha yaxşı top fərqinə görə 1-ci pillədə qərarlaşıb. 

 

«Xilə» - «Zirə» 2:2
Qollar: Cəbrayıl Qurbanov, 4, 43; Cavanşir Talıbov, 47, 49

 

Həddən artıq maraqlı keçən oyunun ilk hissəsində üstün tərəf meydan sahibləri idilər və onlar erkən qola imza atmağı bacardılar. Cəbrayıl Qurbanov «siftə etdi». Fasiləyə kimi hər iki komandanın fərqlənmək imkanları olsa da, bu imkanlardan yararlanan tapılmadı.

 

Fasilədən sonra 6 dəqiqə ərzində meydanda «qol yağışı» oldu. 43-cü dəqiqədə «Xilə» Cəbrayıl Qurbanovla hesabı 2:0-a çatdırsa da, özünə sərfəli hesabı sona kimi saxlaya bilmədi. 47 və 49-cu dəqiqədə Cavanşir Talıbov əvvəlcə künc zərbəsindən, daha sonra isə cərimə zərbəsindən qapı önünə edilən asmaları başla tamamladı. 

 

«Xilə»nin baş məşqçisi Zaur Seyidov qonaqlardan Murad Əliyevin oyununu daha çox bəyəndiyini söylədi. Qonaqların çalışdırıcısı Niyazi Rzayevin isə «Xilə»dən bəyəndiyi futbolçular qapıçı Xeyrəddin Rəhimovla Elnur Adıgözəlov oldular.

 

«Səbail» - «Keşlə» 2:1
Qollar: Nicat Quliyev, 10 (pen.), 51 – Rəşid Səfixanlı, 22

 

Ötən tur son dəqiqədə buraxdığı qolla «Neftçi»yə məğlub olan «Keşlə» eyni aqibəti «Səbail»lə görüşdə yaşadı. Qarşılıqlı hücumlar şəraitində keçən görüşdə hesab 10-cu dəqiqədə açıldı. «Keşlə»nin qapısına təyin olunan penaltini Nicat Quliyev düzgün yerinə yetirdi. Fasiləyə az qalmış qonaqlar Rəşid Səfixanlı ilə hesabı bərabərləşdirdilər və komandalar fasiləyə 1:1 hesabı ilə yollandılar.

 

Fasilədən sonra cəmi 1 qol qeydə alındı. Nicat komandasına qələbə qazandıran qola imza atdı. Ardıcıl 2 məğlubiyyət «Keşlə»ni 5-ci pilləyə saxladı. 

 

Komandaların yaxşılarına gəlincə, «Səbail»dən Nicat Quliyev, qonaqlardan isə Nihat Şirinzadə ilə Nihad Yusifovun adını çəkmək olar.

 

«Zaqatala» - «Sumqayıt» 0:4
Qollar: Ayxan Azadov, 7; Sənan Ağayev, 34 (pen.), 38; Əjdər Hacılı, 66

 

Böyük hesabla məğlub olmasına rəğmən «Zaqatala» bu oyunda heç də pis təsir bağışlamadı. Əyalət təmsilçisi əlinə düşən fürsətlərin heç olmasa yarısından yararlansaydı, hesab tamam fərqli olardı. Amma həmin gün qonaqların günü idi.

 

«Zaqatala»nın baş məşqçisi İslam Şabanov «Sumqayıt»dan Sənan Ağayevi, «Sumqayıt»ın məşqçisi Orxan Abdullayev isə «Zaqatala»dan Sənan Musayevi matçın ən yaxşısı seçdi.

 

U-15 Liqasında 19-cu turun oyunları martın 9-da keçiriləcək: «Qəbələ» - «Xilə», «Zirə» - «Neftçi» İK İB, «Mil-Muğan» - «Zaqatala», «Sumqayıt» - «Neftçi», «Qarabağ» - «Səbail», «Keşlə» - «Sabah», İsgəndər Cavadov BFA - Gəncə TİM.

 

Bombardirlər: Oruc Məmmədov («Neftçi») – 29 qol, Şahmar Aşurov («Sabah») – 26 qol.

 

«Het-trik news» qəzeti



Digər xəbərlər

Xəbər xətti