U-15 Liqası: "Sabah" "Keşlə"ni məğlub etdi

10:20 12 Mart 2019

Həftəsonu U-15 Liqasında 19-cu turun oyunları keçirildi. 1 qarşılaşma təxirə salındı. İsgəndər Cavadov BFA – Gəncə TİM matçı 9-cu sinif şagirdlərinin nəzərdə tutulan imtahanlarına görə qarşılıqlı razılaşmaya əsasən başqa vaxta ertələndi. Baş tutan 6 oyun barədə…

 

«Sumqayıt» - «Neftçi» 1:4
Qollar: Sənan Ağayev, 53 (pen.) – Oruc Məmmədov, 12, 30, 33, 40

 

Çempionluğa oynayan «Neftçi»nin Sumqayıt səfərindən qələbə ilə dönəcəyi gözlənilirdi və bu, baş verdi. Oyunboyu üstünlüyə malik olan bakılılar 3 xalı Oruc Məmmədovun «poker»i ilə qazandı. 12-ci dəqiqədə Oruc fərdi ustalığı sayəsində rəqibin bir neçə futbolçusundan sıyrılaraq hesabı açdı. O, bir daha 30-cu dəqiqədə fərqləndi. Elcan Əbilovun cərimə zərbəsindən etdiyini ötürməni Ayxan Qocayevin qoruduğu qapıdan keçirdi. 3 dəqiqə sonra Məmmədov «het-trik»ini rəsmiləşdirdi. Ağadadaş Salyanskidən ötürmə alan günün qəhrəmanı sumqayıtlıları 3-cü dəfə mərkəzdən başlamağa məcbur etdi.

 

Fasilədən sonra da üstünlük «Neftçi»nin tərəfində idi. Bu üstünlüyün fonunda 40-cı dəqiqədə səhnəyə yenə də Oruc Məmmədov çıxdı. Ağadadaş Salyanskidən «divar» ötürməsi alan Məmmədov «het-trik»i «poker»ə çevirdi. 

 

Küləkli havada keçən oyunda «Sumqayıt»ın gücü buraxılan qollardan birinin əvəzini çıxmağa çatdı. 53-cü dəqiqədə Sənan Ağayev «Neftçi»nin qapısına təyin olunmuş penaltini yerinə yetirdi və Ümid Tağızadə ilə dueldən qalib ayrıldı.

 

Şübhəsiz, nəinki «Neftçi»nin, ümumiyyətlə oyunun ən yaxşısı Oruc Məmmədov idi. «Neftçi»nin baş məşqçisi Eldəniz Məmmədov «Sumqayıt»ın ən yaxşısı kimi isə Əli Əlizadənin adını çəkdi.

 

«Keşlə» - «Sabah» 2:7
Qollar: Qurban Səfərov, 6; Rəşid Səfixanlı, 70+1 (pen.) – Murad Fərəcov, 18, 53; Şahmar Aşurov, 24, 30, 47; Firəddin Abdullayev, 64, 70+3

 

Sözügedən qarşılaşmanın qəhrəmanı «Sabah»ın ulduzu Şahmar Aşurov oldu. Doğrudur, o, Oruc Məmmədov kimi «poker» etmədi. Amma «het-trik»lə komandasının qələbə qazanmasında əhəmiyyətli rol oynadı. Hərçənd, matç «Sabah» üçün yaxşı başlamamışdı.

 

6-cı dəqiqədə qonaqlar qapısında qol gördü. Həsrət Mürsəlov topu qapıçı Ayxan Qələndərliyə göndərərkən ötürmə «qısa düşdü» və topu «oğurlayan» Qurban Səfərov hesabı açdı. Vurulan qoldan ruhlanan «Keşlə» daha bir neçə epizodda təhlükəli həmlə ilə yadda qaldı. Lakin hesab arasındakı fərqi artıra bilmədi. Əvəzində «Sabah» özünə gəldi və 1-ci hissə başa çatana kimi «Keşlə»ni 3 dəfə cəzalandırdı. Əvvəlcə Murad Fərəcov hesabı bərabərləşdirdi. Daha sonra Şahmar Aşurov 2 qol vuraraq qələbənin təməlini möhkəmləndirdi.
Fasilədən sonra «Keşlə»nin oyunda dönüş yaradacağı inandırıcı görünmürdü. Belə də oldu. Şahmar, Murad hərəyə 1, Firəddin Abdullayev isə 2 qol vuraraq «Keşlə»nin biabırçı məğlubiyyətinin səbəbkarları oldular. Meydan sahiblərinin gücü yalnız hesab 2:6 olarkən Rəşid Səfixanlı ilə penaltidən ikinci qolu vurmağa çatdı. 
«Keşlə» - «Sabah» matçının ən yaxşısı Şahmar Aşurov idi. Təbii ki, «dubl» edən Murad Fərəcovla Firəddin Abdullayev də özlərini yaxşı tərəfdən göstərdilər. «Keşlə»nin yaxşılarına gəlincə, «Sabah»ın baş məşqçisi Namiq Allahverdiyev Hüseyn Quliyevlə Tural Əmirhüseynovun adını çəkdi.

 

«Qəbələ» - «Xilə» 7:1
Qollar: İxtiyar Məmiyev, 18, 35; Sahil Həsənov, 22; Nuğay Rəşidov, 31; Sərxan Mirzəzadə, 43, 49, 63 – Pərvin Hüseynov, 70

 

«Qəbələ» rahat rəqiblə oyunda sensasiyanın gerçəkləşməsinə imkan vermədi. Çempionluğa ən real namizədlərdən olan «Qəbələ» qələbəni 7 qolla qazandı. Qonaqların gücü yalnız matçın son dəqiqəsində prestij qol vurmağa çatdı.

 

«Qəbələ»nin baş məşqçisi Ülfət Mədətov böyük hesablı məğlubiyyətə rəğmən «Xilə»nin bir futbolçusunun özünü yaxşı tərəfdən göstərdiyini söylədi. Həmin futbolçu «Xilə»nin «10 nömrə»si Cəbrayıl Qurbanov idi. «Xilə»nin baş məşqçisi isə rəqibdən 3 futbolçunun – İxtiyar Məmiyev, Sərxan Abdullazadə və Emil Süleymanovun adını çəkdi.

 

«Zirə» - «Neftçi» İK İB 1:0
Qol: Mahmud Ağayev, 20

 

Matçın taleyini cəmi 1 qol həll etdi. 20-ci dəqiqədə meydan sahiblərinin «topçusu» Mahmud Ağayev komandasına qələbə gətirən qolu vurdu. Matçın qalan dəqiqələrində hər iki komandanın qol vurmaq üçün xeyli şansı olsa da, fərqlənən tapılmadı və çətin oyunda 3 xalı aktivinə «Zirə» yazdırdı.

 

«Zirə»nin baş məşqçisi Niyazi Rzayev qonaqlardan Tural Səfiyevin oyunundan daha çox xoşlandığını söylədi. «Zirə»dən isə həmin günün ən yaxşısı Mahmud Ağayev idi.

 

«Mil-Muğan» - «Zaqatala» 0:2
Qollar: Ayaz Mikayılov, 59, 63

 

Turnir cədvəlinin zirzəmisində qərarlaşan komandaların oyunu olduqca maraqlı mübarizə ilə yadda qaldı. Meydanın bərbad olmasına baxmayaraq, hər iki komanda mübariz görünürdü. Üstəlik, qapılar önündə təhlükəli vəziyyətlər də az deyildi. Görüşün taleyi 2-ci hissənin ortalarında həll olundu. Ayaz Mikayılovun 4 dəqiqə ərzində vurduğu 2 qol zaqalalalıları sevindirdi. 59-cu dəqiqədə Xəyal Əmirov rəqibin 2-3 futbolçusunu keçərək cinahdan qapı önünə ötürmə etdi. Nəzarətsiz qalan Ayaz Mikayılov qol vurmağa çətinlik çəkmədi. 2 dəqiqə sonra oxşar epizodda Ayazın fərqlənməsinə  qapı çatı mane oldu. Amma az sonra yenə də Xəyaldan əla ötürmə alan Mikayılov yekun nəticəni müəyyənləşdirən qolu vurdu. 

 

«Zaqatala» 3 xal qazansa da, günü itkisiz də ötüşdürə bilmədi. 65-ci dəqiqədə rəqibi qəsdən vurduğuna görə qonaqların futbolçusu Muxtar Məmmədov hakim tərəfindən meydandan qovuldu.

 

Qalib komandanın ən yaxşısı hər iki qolun vurulmasında böyük əməyi olan Xəyal Əmirov idi. «Mil-Muğan»dan isə… «Zaqatala»nın baş məşqçisi İslam Şabanov qapıçı Saleh Məmmədlinin adını çəkdi.

 

«Qarabağ» - «Səbail» 4:3

 

Təəssüf ki, bu oyunun protokolunu əldə edə bilmədik. Üstəlik matç barədə məlumat toplamaq cəhdimiz də uğursuz alındı. Hər iki komandanın nümayəndələri ilə əlaqə saxlamaq mümkün olmadı və bu üzdən sadəcə, hesabı yazmaqla kifayətlənirik.

 

Yeri gəlmişkən, martın 6-da 13-cü turdan təxirə düşmüş «Neftçi» İK İB – «Səbail» matçının da proktokolu bizə gəlib çıxmadı. Həmi oyunda məlum olan yalnız hesabdı. Görüş «Səbail»in 4:0 hesablı qələbəsi ilə başa çatıb.

 

U-15 Liqasında 19-cu turun oyunları martın 9-da keçiriləcək: «Sabah» - «Qarabağ», «Səbail» - «Sumqayıt», «Neftçi» - «Mil-Muğan», «Zaqatala» - «Zirə», «Neftçi» İK İB – «Qəbələ», «Xilə» - İsgəndər Cavadov BFA, Gəncə TİM – «Keşlə».

 

Bombardirlər: Oruc Məmmədov («Neftçi») – 33 qol, Şahmar Aşurov («Sabah») – 29 qol.

 

«Het-trik news» qəzeti



Digər xəbərlər

Xəbər xətti