Milli komandaların oyunlarına görə Premyer Liqada yaranmış fasilədən yararlanan "Sabah" yoxlama oyunu keçirib. Baş məşqçi Elşad Əhmədov komandanı Region Liqasında çıxış edən "FC Baku" ilə oyunda sınayıb. Qarşılaşma 1:1 hesabı ilə başa çatıb.
Sportarena.az xəbər verir ki, baş məşqçi Elşad Əhmədov bu görüdə baxışda olan futbolçunu sınayıb. Belə ki, qanalı Daniel Lomotey meydana start heyətində çıxıb və sonadək mübarizə aparıb. Onunla bağlı yaxın günlərdə qərar veriləcək.
İnternet mənbələrində bu futbolçu ilə bağlı araşdırma apararkən bəlli oldu ki, o, Qananın U-20 yığmasının üzvüdü. 19 yaşlı yarımmüdafiəçi bu ilin fevralında Nigerdə keçirilən U-20 yığmaları arasında Afrika Millətlər Liqasında iştirak edib. B qrupunda mübarizə aparan Qana Burkina Fasoya qalib gəlib (2:0), Seneqal (0:2) və Maliyə (0:1) uduzub. Hər 3 oyunda 90 dəqiqə meydanda olan Daniel Lomotey komandasının qələbə qazandığı yeganə matçda - Burkina Faso qarşılaşmasında dubl edib.
Daniel Lomotey Qananın U-23 yığmasına da dəvət olunur. 19 yaşlı yarımmüdafiəçi Qana Premyer Liqasında çıxış edən "Qərbi Afrika Futbol Akademiyası" (West African Football Academy) klubunun üzvüdü.