“Nəticədən narazı deyiləm” - Nikola Yurçeviç

00:11 26 Mart 2019

“Maraqlı və gözəl oyun oldu. Oyunun gedişatı çətin idi. Komandam qələbə qazanmaq üçün mümkün olan hər şey etdi”. 

 

Sportarena.az xəbər verir ki, bu sözləri milli komandamızın baş məşqçisi Nikola Yurçeviç deyib:

 

“Qələbə qazanmaq istəyirdik. Düşünürəm ki, komandam ilk hissədə yaxşı futbol sərgilədi.  Xorvatiya ilə matçdan sonra komanda yaxşı çıxış etdi. İkinci hissədə dəyişikliklər etdik. Ümumi olaraq,  bu gün daha yaxşı komanda idik. İlk matçı nəzərə alsaq, komandanın oyunundan razı qaldım”.

- Bu gün nəticə önəmli idi, yoxsa meydandakı oyun?

- Qələbə qazanmaq istəyirdik. Bu, komandaya inam gətirəcəkdi. Ancaq bizim üçün vacib olan nəticə deyildi. Biz futbolçuları görmək istəyirdik. Gördünüz ki, çox futbolçuya şans verdim. Ona görə də nəticədən narazı deyiləm. Futbolçularımı bir çox situasiyalarda görmək istəyirdim. Buna görə həm mövqe, həm də meydançada düzülüş baxımından dəyişiklik etdik. Dediklərimi daha uzun açıqlamaq istəyirəm. Dadaşovu mərkəz, Şeydayevi cinah hücumçusu kimi görmək istədim. Ömər Buludovu da meydana buraxmaq istəyirdim.  Bir neçə dəyişiklik etdiyimiz üçün nəticədən razıyam.

- Rəqib komandanın baş məşqçisi də ilk hissədə yaxşı oynadıqlarını söylədi.

- Mənə elə gəlir ki, ilk hissədə daha yaxşı oynadıq. Qol şanslarımız da real idi. Bir neçə qol epizodumuz oldu. Dəyişikliklər oyunun ritminə təsir göstərdi. Yenə deyirəm, düşünürəm ki, Litvadan daha yaxşı komanda idik.

- Emil Balayevlə Ömər Buludova şans verməməyinizin səbəbi nədir? Pavel Paşayev zədəsinə görə millidən kənarda qalıb?

- Pavel Paşayev zədəlidir. O, yaxşı futbolçudur, ancaq zədəyə görə dəvət edə bilmədim. Nəzəriyyədə bir çox şeylər etmək olardı. Ömər Buludova və Emil Balayevə də şans verə bilərdim. Bu oyunda qələbə qazanmaq, bütün futbolçulara şans vermək və təhlil etmək istəyirdik. Hər şeyi bir oyunda etmək olmur. Son 10 gün mənim üçün çox vacib oldu. Yaxşı atmosfer yaratmışdıq və bu, mənim üçün yaxşı haldır.

- Millətlər Liqasındakı rəqiblər səviyyəsindəki bir neçə rəqiblə heç-heçə etdik. Turnirin adını dəyişsə də, rəqiblərin səviyyəsi eynidir. Bundan başqa, məşqçinin milliyətini də dəyişdik. Başqa nəyi dəyişmək lazımdır?

- Çox çətin sualdır. İndiki məqamda əgər əlindəki şansdan istifadə edirsənsə, qələbə qazanmaq şansın daha yüksək olur.  Biz də şanslardan istifadə etməyə çalışmalıyıq. Bu gün hücumameyilli futbol oynadıq, dəyişikliklər də buna hesablanmışdı, ancaq imkanlardan istifadə edə bilmədik.


Digər xəbərlər

Xəbər xətti