Elxan Məmmədov Gəncədə: Onun yeni kadrı “yeyinti"yə” görə qovulub

13:28 13 Aprel 2019

Azərbaycanda köklü klubların sayı o qədər də çox deyil. Uzağı kiminləsə mübahisə etsən, bir əldəki barmaqların sayından o yana gedə bilməz. Ancaq iki klub var ki, Azərbaycan futbolu dedikdə ilk ağıla gələn onlar olur. Yəqin ki, söhbətin "Neftçi” və "Kəpəz”dən getdiyini anladız.

 

SSRİ dönəmində cəmi bir dəfə Azərbaycan güclülər dəstəsində iki komanda ilə təmsil olunub ki, onlardan biri "ağ-qaralar”, digəri isə Gəncə (o vaxt Kirovabad) klubudu. "Neftçi” hər zaman ölkə üçün bir nömrə olub. Bütün Respublika onun üçün çalışıb. Gəncə klubunun isə taleyi isə bakılılarla müqayisədə o qədər də xoş olmayıb. "Sarı-göylər” istər SSRİ dönəmində, istərsə də müstəqillik illərində gah piramidanın zirvəsində olub, gah da Misir fironu Tutanhamon kimi ağır daş plitələr altında torpağa basdırlıb.

 

Ancaq bütün bunlara baxmayaraq, Gəncədə futbol ölməyib, "Kəpəz” maddi durumundan asılı olmayaraq, fəaliyyətini davam etdirib.

Hazırda birinci divizionda çıxış edən, AFFA-nın "bulağından su içən” "sarı-göylər”in növbəti mövsümdən elitada çıxış edəcəyi söylənilir. Kuluarlarda gəzən söz-söhbətlərə inansaq, assosiasiya rəhbərliyi yeni ot örtüyünə yüzminlərlə vəsait sərf etdiyi "Kəpəz”i 2019/20 "futbol ili”ndə yenidən elitada görmək niyyətindədi. Hətta AFFA-nın baş katibi artıq indidən qollarını çırmalayaraq, "sarı-göylər”ə rəhbərlik edəcək yeni kollektivi qurmağa çalışır.

 

Elxan bəy bu gün Gəncəyə səfər edəcək. Baş katib əvvəlcə şəhərin icra başçısı Niyazi Bayramovla görüşüb klubun gələcəyi barədə müzakirələr aparacaq. Ardınca isə başçı və baş katib Gəncə şəhər stadionuna baş çəkib, neçə illərdi arenanın həyətində yığılıb qalan süni örtüklü meydançanın salınmasında iştirak edəcəklər.

 

İcra başçısı ilə görüşdə Məmmədov "Kəpəz”in yeni rəhbərliyi barədə də söhbət edəcək. Etibarlı mənbədən əldə etdiyimiz məlumata görə, Elnur Camalxanovun istefasından sonra boş qalan icraçı direktor postuna namizədlərdən birinin adı məlumdu. Bu, Xəyal Hacızadə adlı şəxsdi. Vaxtilə Gəncə Texnologiya Universitetində rektorun təsərrüfat işləri ilə köməkçisi olmuş bu şəxs işçində yol verdiyi nöqsanlara (yeyintiyə) görə işini itirib. Bir müddətdən sonra Hacızadə Təhsil Nazirliyinin nəznində olan idman məktəblərinin birinə rəhbər vəzifəyə gətirilib. Lakin orda da nəfsinə sahib çıxa bilmədiyindən, şəhərin ovaxtkı başçısı Elmar Vəliyev tərəfindən tutduğu postdan uzaqlaşdırlıb.

 

O vaxtdan işsiz qalan Xəyal bəy kimlərinsə sayəsində yeni icra başçısına yol tapıb. Havadarları Niyazi bəydən onu klubun icraçı direktoru təyin etməsini xahiş edib. O da öz növbəsində Hacızadəni AFFA-nın baş katibinin qəbuluna göndərib.

 

Yəqin ki, Elxan bəyin Gəncə səfərində müzakirə olunacaq mövzulardan biri də Hacızadənin namizədliyi olacaq. Ancaq ümid edirik ki, baş katib bu dəfə "Kəpəz”lə bağlı kadr siyasətində yanlışlığa yol verməyəcək və növbəti dəfə özünü "yandırmayacaq”.

 

RƏŞAD, "Futbol+"


Xəbər xətti