“Biz həmin 4000 bileti UEFA-dan götürdük” - AFFA-dan iddialara cavab

02:00 24 May 2019

"UEFA Avropa Liqasının finalçılarına, yəni “Arsenal” və “Çelsi” klublarına ayrı-ayrılıqda 6000 bilet ayrılmışdı. “Arsenal” artıq bu biletlərdən 4500-nü reallaşdırıb, öz azarkeşlərinə satıb, “Çelsi” isə 3500-nü reallaşdırıb. Ümumilikdə 4000 bilet qalıb".

 

Sportarena.az xəbər verir ki, bunu azvision.az-a açıqlamasında Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Firuz Abdulla deyib.
 

O, "Arsenal" və "Çelsi" komandalarının Bakıda keçiriləcək Avropa Liqasının final oyunu üçün biletlərdən imtina etməsinə dair İngiltərə mətbuatında yer alan iddialara münasibət bildirib.
 

"Oyuna az müddət qaldığına görə, AFFA UEFA-ya həmin biletlərin Azərbaycan sakinlərinə satılması üçün müraciət etdi. Bizə hər gün çoxlu sorğu gəlir və oyunu izləmək istəyənlərin sayı üstünlük təşkil edir. Biz həmin 4000 bileti UEFA-dan götürdük və dünəndən Bakıda kassalarda biletlərin satışına başlamışıq. İngiltərə mətbuatında son günlər Azərbaycanla bağlı neqativ yazılar dərc olunmaqdadır. Bu məlumat da həmin kampaniyanın bir hissəsidir. Bizim dediyimiz rəqəmlər AFFA-nın UEFA-dan aldığı rəsmi məlumatdır” - deyə F.Abdulla əlavə edib. 


Xəbər xətti