"Qarabağ"ın yeni transferi "Partizani"yə qarşı oynamayacaq?

19:03 4 İyul 2019

"Qarabağ”ın yeni transferi Aylton Silva Çempionlar Liqasında ağdamlılara kömək edə bilməyəcək.

 

Sportarena.az xəbər verir ki, səbəb braziliyalının cəzalı durumda olmasıdı. Belə ki, sözügedən oyunçu 2015/16 mövsümündə "Neftçi”də top qovarkən Avroliqanın 1-ci təsnifat mərhələsinin cavab matçında "qırmızı” alıb.

 

Həmin vaxt Bakıda Monteneqro "Mladost”u ilə 2:2 hesablı heç-heçəyə razılaşan "ağ-qaralar”ın "Qradski Arena”da 1:1-dən artığına gücü çatmayıb. Samir Əliyevin baş məşqçiliyi dönəmində tarixə qovuşan bu nəticənin ardından dava düşüb. Qarşılaşmanın final fitindən sonra (90+9-cu dəqiqədə) təmsilçimizin heyətində 2 oyunçu - Maksim Vaylo və Aylton Silva dava-dalaş üzündən "qırmızı” görərək avrokuboklardan 3 oyunluq diskvalifikasiya edilib.

 

Düzdü, ağdamlıların rənglərinə bağladığı "sambaçı” "Eştoril" – "Ştutqart" – "Eştoril" – "Braqa" marşrutu ilə hərəkət edib. Ancaq bu klubların heç birində avrokubok matçlarına çıxmayıb.

 

Bu isə o deməkdir ki, cənubi amerikalı "Partizani” ilə görüşlərdə heyətdə yer almayacaq.


Xəbər xətti