"Universitatya"nı Bakıda isti hava və süni örtük problemi gözləyir" - AÇIQLAMA

11:25 5 İyul 2019

"Səbail” yaxşı komandadır, xüsusən də hücumda güclüdürlər. Kollektivdə, əsasən də sağ cinahda sürətli futbolçular var”.

 

Sportarena.az xəbər verir ki, bu sözləri "fanatik.ro" saytına "Zirə”nin rumıniyalı futbolçusu Adrian Skarlatake Avropa Liqasının I təsnifat mərhələsində vətənini təmsil edən "Universitatya" (Krayova) ilə "Səbail”in qarşıdurmasını dəyərləndirərkən deyib.

 

33 yaşlı mərkəz müdafiəçisinin sözlərinə görə, "Səbail” "Universitatya" üçün asan rəqib deyil. O, həmvətənlərini Bakıda isti hava və süni örtüklü meydan problemi ilə üzləşəcəklərinə dair xəbərdarlıq edib: "Elə də çox azarkeşləri olmadığına görə onlar üçün evdə və ya səfərdə oynamağın fərqi yoxdur. Bakı çox yaxşı yerdir, heç bir problem yoxdur. Ancaq oyun saatında çox isti olacaq. Üstəlik, meydan süni örtüklü olduğu üçün çətin olacaq. Fikrimcə, şansalar bərabərdir. "Universitatya"ya "Səbail” ilə matçlarda çətin olacaq. Onların avrokubokda ilk ilidir. Bu, təcrübəsi olmayan yeni komandadır. Bakıda havanın isti olması və süni örtüklü meydan "Universitatya”ya problem yaradacaq. Krayovada rumınların daha böyük şansı olacaq. Matça baxmağa gələcəyəm. Ümid edirəm ki, məşqə də baş çəkə biləcəyəm”.

 

Daha öncə "Xəzər Lənkəran” və "Keşlə”nin də formasını geyinmiş Skarlatake yay fasiləsində Rumıniyanın 2 klubundan təklif aldığını, lakin karyerasını Azərbaycanda davam etdirməyə qərar verdiyini söyləyib: "Burada stabilliyim var, özümü yaxşı hiss edirəm. Ona görə də iş yerimi dəyişmək haqda fikirləşmirəm”.

 

Qeyd edək ki, iyulun 11-də "ASCO Arena”da keçiriləcək "Səbail” - "Universitatya” oyunu saat 20:00-da başlayacaq. Bu komandalar arasında cavab matçı iyulun 18-də Krayovada olacaq. (Report.az)


Xəbər xətti