Rəşad Sadıqov: "Hacıya "İnter"ə vurduğumuz sayılmayan qolun videosunu göndərdim"

13:16 24 Sentyabr 2019

“Hacı Əliyevin görüşünə hamımız baxdıq. Onun rusiyalı Hacımurad Rəşidovla qarşılaşmasındakı epizod çox müzakirə olundu”.

 

Sportarena.az xəbər verir ki, bunu “Report”a dünya çempionatından dönən dostu, sərbəst güləş üzrə Azərbaycan millisinin üzvü Hacı Əliyevi qarşılamaq üçün Heydər Əliyev Beynəlxalq Aeroportuna gələn “Qarabağ”ın futbolçusu Rəşad Sadıqov deyib.

 

Kapitan 65 kq çəki dərəcəsində çıxış edən üçqat dünya və Avropa çempionunun hakim haqsızlığı ilə üzləşdiyini vurğulayıb: “Mənim bildiyim, anlayışı olanlardan maraqlandığım qədər həmin vaxt Hacıya 2 yox, 4 xal verilməli idi. Ancaq hakimlər çox maraqlı qərar qəbul etdilər, rusiyalı idmançıya 1 xal verdilər. Mənim üçün ən vacib olan odur ki, Hacı həmin görüşü çox yüksək səviyyədə keçirdi. Özünüz də gördünüz, rusiyalı güləşçi yekunda dünya çempionu oldu. Ancaq Hacı onunla görüşü hücumda keçirdi və çox gözəl fəndlərdən istifadə etdi”.

 

37 yaşlı müdafiəçi medalsız qalmasına rəğmən, Əliyevin dünya çempionatını yaxşı səviyyədə keçirdiyini bildirib: “İkinci təsəlliverici görüşdə yaponiyalı güləşçiyə də uduzsa belə, orada da yaxşı təsir bağışladı. Fikrimcə, ümumilikdə dünya çempionatını yaxşı səviyyədə keçirdi. Onun çıxış etdiyi çəki dərəcəsi ən çətinlərdəndir, güclü rəqibləri var. Yaxşı olacağına ümid edirəm. Özü ilə danışanda, bizim Avropa Liqasının qrup mərhələsində Bakıda İtaliya “İnter”inə vurduğumuz sayılmayan qolun videosunu göndərdim ki, Hacı, bizim də başımıza belə bir iş gəlmişdi. Eşitmişdi, amma görməmişdi. O da təəccübləndi ki, belə qol necə sayılmaya bilər. Hacı bu yükün altından qalxacaq. Düzdür, ona ciddi psixoloji zərbə oldu. Dünya çempionuna qalib gələsən, amma yekunda medalsız qalasan... Amma Hacı xarakterli idmançıdır. Bunun öhdəsindən gələcək”.

 

Azərbaycan güləşçiləri dünya çempionatını 6 medal və 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına 2 lisenziya ilə başa vurublar. Qadın güləşçi Mariya Stadnik (50 kq) qızıl medal və 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına lisenziya, Elis Manolova (65 kq) bürünc, yunan-Roma güləşçilərindən Rafiq Hüseynov (82 kq) gümüş, Eldəniz Əzizli (55 kq) bürünc medala yiyələnib. Sərbəst güləşçilərdən Cəbrayıl Həsənov (79 kq) və Şərif Şərifov (97 kq) finalda uduzublar. Şərifov həm də “Tokio-2020”yə lisenziya qazanıb.


Digər xəbərlər

Xəbər xətti