Qurban Qurbanov: “Düdelanj”ın APOEL-i məğlub etməsi bizi ciddi düşünməyə vadar edir”

21:39 27 Sentyabr 2019

Azərbaycan Premyer Liqasında VI turun “Qarabağ” – “Sumqayıt” (2:0) matçından sonra təşkil edilən mətbuat konfransında Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırdı.

 

Sportarena.az əvvəlcə görüş barədə fikirlərini bildirdi:

 

- Futbolçularımı təbrik edirəm. Ağır qrafikdəyik. Futbolçuları oyuna maksimum motivasiya etmək çətindi. Həm fiziki, həm psixoloji yorğunluq hiss olunur. Səhvlər var, amma komanda meydana qələbə üçün çıxır və buna hazırlaşır. Komandada yorğunluq hiss etdik. Amma bunu normal qəbul edirəm. Ağır dövrdü, diqqətli olmalıyıq. Belə sıx qrafik istər-istəməz problemlərə gətirib çıxarır. “Düdelanj”la oyuna qədər bir neçə günümüz var. Çalışacağılq ki, bütün futbolçuları normal səviyyəyə gətirək.

 

- Mahir tam bərpa olunubmu?
- Hazırdı. Amma 100 faiz oynaya bilmir. Bu gün də 10-12 dəqiqə meydanda oldu. Qarşıda bir neçə gün var. Onun fiziki hazırlığına baxacağıq. Tam hazır olub-olmayacağı qarşıdakı günlərdə bilinəcək.

 

- Rəşad Sadıqov bu gün meydanda deyildi. Bu, o deməkdi ki, “Düdelanj”a qarşı start heyətdə oynayacaq?
- Dünən bir az temperaturu var idi. Ona görə də meydana buraxmağa risk etmədik. Düşünürəm ki, bugünlərdə o da tam formasını bərpa edəcək.

 

- Səfərə qələbə üçün gedirsiz?
- Biz hər turnirdə maksimum yaxşı nəticə əldə etməyə çalışırıq. Fikrimiz əvvəlcə komandanı fiziki və psixoloji cəhətdən hazırlamaqdı. Təbii ki, qələbə qazanmaq istəyərik. Ancaq “Düdelanj”ın səfərdə APOEL-i məğlub etməsi bizi ciddi düşünməyə vadar edir. Hər bir halda, üstün olmağa çalışacağıq.


Digər xəbərlər

Xəbər xətti