Bakıda Ronaldinyo Futbol Akademiyasının açılışı növbəti dəfə təxirə salındı

14:29 20 Dekabr 2019

Azərbaycanda Ronaldinyo Futbol Akademiyasının açılışı növbəti dəfə təxirə salınıb.

 

Sportarena.az xəbər verir ki, bu barədə "Report”a "Qəbələ” Futbol Akadamiyasının direktor müavini Nail Kərimov bildirib. Sonuncu dəfə akademiyanın 2020-ci ilin əvvəlində istifadəyə veriləcəyi deyilsə də, N.Kərimovun sözlərinə görə, bu, həmin vaxt baş verməyəcək: "Ronaldinyo Futbol Akademiyasının açılışı uzanır. Bunun hansı tarixdə gerçəkləşəcəyi dəqiq bilinmir. Lakin bu işin "Qəbələ” İdman Klubunun sponsorluq məsələsi ilə heç bir əlaqəsi yoxdur. Bu, müstəqil layihədir”.

 

2017-ci ilin martında məşhur braziliyalı futbolçu Ronaldinyo ilə "Qəbələ” İdman Klubu arasında müqavilə imzalanıb. Sözləşməyə əsasən, ulduz futbolçu "Qəbələ” klubunun dəstəyi ilə Bakıda Futbol Akademiyası açmalıdır. Lakin akademiyanın açılışı müxtəlif səbəblərdən bir neçə dəfə təxirə salınıb.

 

"Qəbələ” İK bu ilin aprelində Tale Heydərovun klub prezidenti postundan istefasının Ronaldinyo Futbol Akademiyasının açılışına təsir etməyəcəyini bəyan edib. 

 

Qeyd edək ki, Ronaldinyonun doğulub boya-başa çatdığı Portu Aleqri şəhərində, həmçinin Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində "Ronaldinho Soccer Academy" fəaliyyət göstərir.


Xəbər xətti