"Maykl Essyenin 90 dəqiqə eyni tempdə oynamağı çətindir" - "Qarabağ"ın müdafiəçisi

10:07 3 Fevral 2020

Premyer Liqanın 15-ci turunda səfərdə "Səbail"i 1:0 hesabı ilə məğlub edən "Qarabağ"ın müdafiəçisi Maksim Medvedev jurnalistlərin suallarını cavablandırıb.
 

Sportarena.az xəbər verir ki, 29 yaşlı futbolçu öncə oyunla bağlı danışıb:

 

- Ağır oyun keçdi. Fikirləşirdik ki, daha çox qol epizodları yarada biləcəyik. İstədiyimiz kimi oyun getmirdi. Rəqib çox kompakt oynayırdı. Bizə müdafiəni açmaq bir az çətin idi. Əsas odur ki, qol vurduq. Düzdür, qəribə qol alındı. Başqa vaxt qol vurmaq üçün taktiki gediş edirsən, hücum qurursan, burda isə bir az fərqli alındı. Sevinirik, 3 xal qazandıq.

 

- Qış fasiləsində istənilən hazırlığı keçə bildiniz?

- Keçmişik. Oyunlar keçirdik, işimizi gördük. Kifayət qədər vaxt oldu, hazırlaşdıq.

 

- Maykl Essyen Azərbaycana gəldiyindən sonra ən effektli oyununu bu gün keçirdi. Onun əvəzlənməsindən sonra meydanın mərkəzini təmiz ələ keçirdiniz. Essyenin oyunu tərk etməsi sizin işinizi daha da rahatlaşdırdı?

- Deməzdim ki, Essyenin meydanı tərk edib-etməməsiylə nəsə dəyişdi. Mayklı özümüz tanıyırıq. Təcrübəli simadır. İlk hissədə gücü maksimum olanda potensialını ortaya qoyurdu. Ancaq unutmayaq ki, yaşı çoxdur və 90 dəqiqə eyni tempdə oynamaq onun üçün çətindir. Demək olmaz ki, oyuna girən ondan zəif idi. Sadəcə, oyun stili dəyişir.

 

- Riçard Almeyda və Dani Kintanasız oynamaq “Qarabağ”a çətinlik yaradır?

- Onlar olanda daha çox top saxlayırıq. Bu gün templi oyun keçdi. İstəyirdik ki, matçda dominant olaq və bu da bizdə alındı. Həm də Dani komandaya qayıdacaq.

 

- Növbəti oyun “Neftçi”yə qarşıdır. Rəqibinizin baş məşqçisi Robert Bordin istefaya göndərilib. Bu tur “Sumqayıt”a qalib gəlməyiblər. “Qarabağ”ın “Neftçi”ni məğlub edəcəyini düşünmək olar?

- Heç kim deyə bilməz ki, növbəti oyunda 3 xal sənin olacaq. Bu, absurd düşüncədir. Şanslar bərabərdir. Bilinmir ki, nə baş verəcək. Yeni baş məşqçiləri var. Komandada bəlkə də, başqa dəyişikliklər var. “Neftçi” və “Qarabağ” arasındakı oyunlar həmişə maraqlı keçib. Özümüz də bu oyunu gözləyirik. Maraqlı oyun keçsin və tamaşaçılar bunu bəyənsin.


Xəbər xətti