““Qarabağ” müdafiədə yaxşı oynadı” - Füzuli Məmmədov

10:24 9 Fevral 2020

Azərbaycan Premyer Liqasında XVI turun “Qarabağ” – “Neftçi” (0:0) oyunundan sonra keçirilən mətbuat konfransında qonaqların baş məşqçisi Füzuli Məmmədov jurnalistlərin suallarını cavablandırıb.

 

Sportarena.az xəbər verir ki, o, əvvəlcə görüş barədə fikirlərini bildirib:

 

- Bilirdik ki, necə komandaya qarşı oynayacağıq. “Qarabağ”ın gücündən danışmağa ehtiyac yoxdu, təcrübəli və yaxşı futbolçulara sahibdilər. Bu oyuna ciddi hazırlaşmışdıq. Futbolçular maksimum dərəcədə tapşırıqları yerinə yetirdilər. Qalib gəlmək istəyirdik. Azarkeşlər bizdən qələbə gözləyirlər. Heyf ki, alınmadı. Azarkeşlər qələbəyə layiqdilər. Sabah “Forza Neftçi”nin ad günüdü. Onları təbrik edirəm. Qalib gəlib, bunu onlara hədiyyə etmək istəyirdik. Heyf ki, onları qələbə ilə sevindirə bilmədik.

 

- Qapıdakı dəyişiklik nə ilə bağlı idi?

- İki təcrübəli və güclü qapıçımız var. Hər ikisinə güvənməliyik. Aqil toplanışda da oynamışdı və özünü yaxşı tərəfdən göstərmişdi. Sadəcə, bu gün seçimimiz belə idi. Hər hansı xüsusi səbəb yoxdu.

 

- İlk hissədə Monrozu iki dəfə isinmək üçün göndərdiz. Dariodan narazı idiz?

- Orda taktiki gediş var idi. Dario isə müdafiəyə köməyə gecikirdi və cinahdan hücumlar gəlirdi. Amma vaxt keçdikcə o, cinahı bağladı və oyunumuz düzəldi.

 

- Dario toplanış zamanı əsas komanda ilə olmadı. Belə bir görüşdə meydana buraxmaq riskli deyildi ki?

- Deməzdim ki, hazırlıq keçməyib. Burda komanda ilə necə lazımdı hazırlaşmışdı. O, ilk yarıda əksər matçlarda meydanda olub. Oyun praktikası yerindədi və tam hazır idi.

 

- Qol üçün nə çatmadı?

- Namiqin epizodunda bir qədər dəqiqlik çatmadı. Bir də futbolçularda son anda ötürmələr olmurdu. Digər tərəfdən, “Qarabağ”ın müdafiəsi çox yaxşı oynadı.

 

- Komandaya yeni baş məşqçi təyin edilmisiz. “Neftçi” bu heyətlə çempion olmaq gücündədimi?

- Bu, futboldu. Ümumi sözlərlə danışmaq istəmirəm. Bəli, mən yeni gəlmişəm. Uyğunlaşma önəmlidi. Zamanla futbolçular tapşırıqları daha yaxşı başa düşürlər. Getdikcə oyunumuzu inkişaf etdirəcək və qələbələr qazanacağıq.


Digər xəbərlər

Xəbər xətti