“Neftçi”nin baş məşqçisi: “Bu, komandamın tam potensialı deyil”

00:41 17 Fevral 2020

"Çətin olacağını bildyimiz üçün oyuna ciddi hazırlaşmışdıq və rəqibi bütünlüklə analiz etmişdik. Necə oynayacaqlarını bilirdik".

 

Sportarena.az xəbər verir ki, bu sözləri "Neftçi”nin baş məşqçisi Füzuli Məmmədov evdə "Keşlə”yə 3:1 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XVII tur matçından sonra deyib.

 

Oyunsonrası mətbuat konfransında matçı dəyərləndirən Məmmədov məmnunluğunu ifadə edib: "Qurduğumuz plan və futbolçuların meydanda tapşırıqları maksimum yerinə yetirməsi, əzmkarlığı qələbə ilə nəticələndi. Bu qələbəni 90 dəqiqə bizi dəstəkləyən azarkeşlərə həsr edirik".

 

Komandanı meydana çıxardığı 3 oyunun hər birində hücum xəttində müxtəlif gedişlər edən Füzuli Məmmədov "Bugünkü irəli "üçlü"yün ideal seçim olduğunu demək olarmı" sualına belə cavab verib: "Oyunları analiz edirik. Hansı matçlarda səhv cəhətlər olduqda ona uyğun kimin daha hazırlıqlı olduğunu nəzərə alıb heyəti qururuq".

 

"Mən bura yeni gəlmişəm. Düzdü, komandanın içində idim və futbolçuların potensialını bilirəm. Amma deməzdm ki, bu, onların tam potensialıdı. İşləyəcəyik və daha yaxşı futbol sərgiləməyə çalışacağıq", deyə baş məşqçi bildirib. 


Xəbər xətti