Saxta jurnalist kimi tutulan şəxs dünya çempionu imiş - FOTOLAR

14:14 9 Aprel 2020

Dünən Anar İsgəndərov və Aslan Bayramov adlı iki şəxs Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən tutulub.

 

Sportarena.az xəbər verir ki, onlar özlərini media işçisi kimi təqdim edib, işlədikləri jurnalların möhürü ilə təsdiq edilmiş saxta arayışları satarkən saxlanılıblar.Həmin şəxslər saxta sənəd satdıqları adamların xüsusi karantin qaydalarının tələblərini pozaraq, sərbəst hərəkət etmələrinə şərait yaradıblar. 

 

Qeyd edilən faktla bağlı Cinayət Məcəlləsinin 320-ci (Rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) və 139-1.1-ci (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddələri ilə cinayət işinə başlanılıb. Bu cinayət əməllərini törətməkdə şübhəli bilinən hər iki şəxs tutularaq istintaqa cəlb olunub.

 

Oxu.az tutulan şəxslərdən birinin kimliyini müəyyənləşdirib.Özünü "Sağlam Həyat Naminə” beynəlxalq elmi-tibbi jurnalın əməkdaşı kimi təqdim edən Aslan Bayramov əvvəllər idmançı olub. O, 2003-cü ildə Bakıda keçirilmiş boks üzrə yeniyetmələr arasında dünya çempionatının qalibi adını qazanıb.

 

2008-ci ilin yanvarında 69 kq çəki dərəcəsində Azərbaycan çempionu olmuş Aslan Bayramov həmin ilin iyulunda hərbi xidmətə göndərilən yeddi boksçumuzdan biridir.



Digər xəbərlər

Xəbər xətti