Karyerasını koronavirusa görə davam etdirənlər - “Yaş o yaş deyil”

15:36 22 Aprel 2020

2020-ci il Tokyoda keçirilməli olan Yay Olimpiya Oyunları dünya idmanında bir çoxu üçün sonuncu yarış olacaqdı. “Qafqazinfo” xəbər verir ki, təcrübəli və məşhur idmançıların bir çoxu dünyanın ən böyük yarışından sonra karyerasını başa vuracaqdı. 

 

Elə ölkəmizdə də bir neçə məşhur idmançı Olimpiya Oyunlarında sonuncu dəfə medal qazanmaq üçün yarışacaqdı. Lakin onlar bundan sonra daha 1 il gözləməli olacaqlar. Koronavirus pandemiyasına görə yarışların qarşıdakı ilə qədər təxirə salınması onları buna məcbur edir. 

 

Bəs, hansı idmançılarımız karyerasını başa vurmaq istəyirdi? Görəsən, qarşıdakı daha bir il onlar üçün çətin olmayacaq?

 

3 qat dünya və Avropa çempionu Hacı Əliyev böyük uğurlarını Olimpiya “qızıl”ı ilə tamamlamaq istəyir. 2020-nin onun üçün son il olacağını açıqlasa da, 1 il də yarışlara qatılmalı olacaq. Hacı Əliyev özü də nə olursa olsun qarşıdakı 1 ili dözməli olduğunu bildirib:

 

“Fikrim var idi ki, 2020-ci il mənim üçün idmanda son olsun. Olimpiya medalı ilə karyeramı başa vurum. Bilirsiniz ki, 30 yaşdan yuxarı güləşmək çox çətinləşir. Həm də davamçılarımız olaraq gənc nəsillər gəlir. Bütün bunları nəzərə alıb karyeramı bitirmək fikrində idim. Amma demək ki, 1 il də gözləməli olacam. Məqsədim var ki, Olimpiya “qızılı”nı aktivimə yazım. Bu səbəbdən nə olursa olsun dözməliyəm”.

 

Ölkəmizin ən titullu idmançılarından olan Cəbrayıl Həsənov üçün də Tokyo-2020 son yarış olmalı idi. Təcrübəli güləşçimiz medal qazanaraq karyerasını sona çatdırmaq niyyətində idi. 3 qat Avropa çempionu, dünya ikincisi, üçüncüsü, Olimpiya “bürüncü” qazanan Həsənov özü də daha bir ilin gətirəcəyi çətinliklərdən söz açıb: “Karyeramı başa vuracaqdım. Neynəmək olar ki, həmişə bizim istədiyimiz kimi olmur. Yaş o yaş deyil ki, çox gözləyəm. İstəyərdim ki, bu il bitsin, sonuncu olsun. Çalışacam ki, qarşıdakı ili də dözüm, Olimpiadada medal qazanaraq karyeramı bitirmək istəyirəm. Koronavirusdan sonra çətin olacaq, formaya düşmək üçün çox əziyyət çəkəcəyik. Ümid edirəm ki, bunu bacarıb qarşıdakı yarışlarda yaxşı nəticə göstərim”.

 

Karyerası baxımından ən bəxtsiz idmançı məşhur karateçimiz Rafael Ağayevi saymaq olar. Dünya karatesinin “Qara brilliant”ı, 5 qat dünya, 11 qat Avropa çempionu ilk dəfə Olimpiya Oyunlarında çıxış edəcək. Onu qeyd edək ki, bu karateçilər üçün ilk və son Olimpiada olacaqdı. 35 yaşlı idmançı bir il daha gözləməli olacaq.  (Qafqazinfo)


Digər xəbərlər

Xəbər xətti