"Neftçi" çempionluq uğrunda mübarizəsini davam etdirəcək" - Ömər Buludov

12:42 3 İyun 2020

"Neftçi”nin yetirməsi Ömər Buludov müqaviləsinin artırılması ilə bağlı təəssüratlarını bölüşüb.

 

Sportarena.az xəbər verir ki, gənc futbolçu klubun rəsmi saytına müsahibəsində azarkeşsiz oynamağın çox çətin olacağını bildirib.

 

- "Neftçi” ilə daha 1 illik müqaviləyə imza atdınız. Yetirməsi olduğunuz klubda qalmaq sizin üçün nə deməkdir?

- Məncə, artıq bir söz deməyə ehtiyac yoxdur. Hamı bilir ki, "Neftçi” kimi klubun yetirməsi və əsas heyətin üzvü olmaq böyük şərəfdir. Doğma komandamda qaldığım üçün sevinirəm.

 

- Koronavirus pandemiyasına görə yaranmış uzun fasilə futbolçuların formasına təsirsiz ötüşməyə bilməz. Bəs siz formanızı nə dərəcədə qoruyub saxlaya bilmisiz?

- Mümkün qədər formada qalmağa çalışmışam. Bunun üçün evdə də olsa, məşqlərimi dayandırmırdım.

 

- İyunun 21-də Premyer Liqa matçları bərpa olunacaq. Azarkeşsiz oynamaq nə qədər çətin olacaq?

- Əlbəttə, azarkeşsiz oynamaq çox çətin olacaq. Azarkeş bizim 12-ci oyunçumuzdur. Onları yenidən tribunada görmək çox xoş olardı. Ümid edirəm ki, azarkeşlərin oyunlara gəlib bizə dəstək olmaqlarına tezliklə icazə veriləcək.

 

- Mövsümün son 8 oyunundan nə gözləyirsiz?

- Çempionluq uğrunda mübarizəni davam etdirəcəyik. Xal fərqini nəzərə alsaq çətin olacaq, amma heç kim düşünməsin ki, ikinci yerlə barışmışıq. Komandamıza güvənirəm, sonadək mübarizə aparacağıq.


Digər xəbərlər

Xəbər xətti