Premyer Liqamızda koronavirusla bağlı qaydalar açıqlandı

15:17 18 Avqust 2020

Peşəkar Futbol Liqası COVID-19 pandemiyasına görə ölkədə yaranmış ümumi vəziyyət nəzərə alınaraq 2020/2021-ci illər mövsümünün əsasnaməsinə əlavələr edib.

 

Sportarena.az xəbər verir ki, PFL-in saytında yerləşdirilən əsasnamaməyə əlavələrdə qeyd edilir ki, oyunun keçirildiyi stadiona sərbəst giriş-çıxış matçın startından 3 saat əvvəl bağlanmalıdır.

Oyunlardan öncə stadiona gəlişinə rəsmi qaydada icazə verilmiş şəxslərin hərarəti girişdə yoxlanılmalıdır. Hərarəti 37.5 dərəcədən yüksək olan şəxsin stadiona girişinin qarşısı alınmalıdır. Stadiona, bazaya gələcək şəxslər mütləq şəkildə tibbi maskadan istifadə etməlidirlər, əks təqdirdə həmin şəxslərin girişinə icazə verilməməlidir. Bütün bunlara nəzarət etmək üçün stadiona giriş bir yerdən olacaq. Məlum pandemiyanın əlamətləri aşkarlanan şəxs izolyasiya edilməlidir. 

Oyunun rəsmi nümayəndəsi matçın startından ən azı 2 saat 30 dəqiqə əvvəl stadionda olmalıdır. İclas otağı oyun günü matçın startından 3 saat əvvələ qədər dezinfeksiya edilməli və havalandırılmalıdır. İclasda iştirak edən şəxslər mütləq şəkildə sosial  məsafəyə riayət etməlidirlər. AFFA nümayəndəsinin rəhbərliyi ilə keçirilən iclasda hər kəs tibbi maskadan istifadə etməlidir. 

Futbolçular oyuna üzərlərində PFL tərəfindən verilmiş xüsusi “A buraxılışı” ilə gəlməlidirlər. Üzərində “A buraxılışı” olmayan şəxs stadion, baza ərazisinə daxil ola bilməz. Bu, polis və yerli komandanın Nəzarət Buraxılış xidməti tərəfindən tənzimlənir. Şəkilli "A buraxılışı"na malik şəxslər stadionda zonalar üzrə bölünəcək və hər kəsin mənsub olduğu zona Buraxılış vəsiqəsinin üzərində öz əksini tapacaq.

Komandaların stadion gələn zaman soyunub-geyinmə otağına yollanmaları növbəli şəkildə olmalı və bu zaman oyunçular fiziki təmasdan çəkinməlidirlər.

Oyunlara ancaq adı cari oyunun protokolunda qeyd olunan şəxslər gələ bilər. Zədəli, cəzalı və digər səbəblərdən oyunda iştirak etməyən şəxslər stadiona gələ bilməz.

Oyundan öncə hər iki komandanın əvvəlki qaydada tuneldə yoxlanış üçün düzülməsi ləğv olunur. Bu, hər iki komandanın soyunub-geyinmə otağının önündə  gerçəkləşdiriləcək. Bu zaman futbolçular, eləcə də futbolçularla hakimlər arasında sosial məsafənin qorunması vacibdir. Köməkçi hakim tibbi maska taxmalıdır. Əgər geyim formasında hər hansı problem varsa belə oyunlar nəzərdə tutulan vaxtda başlayacaq. Ən pis halda hansısa komanda az sayda(ən azı 7 oyunçu) oyunçu ilə (qapıçı xaric) oyuna başlamalıdır. Bu insanların kütlə şəklində uzun müddət birlikdə qalmasının qarşısını alır. Futbolçu formasında yaranmış nasazlığı aradan qaldırdıqdan sonra oyuna qoşula bilər.

Bundan başqa, matçdan öncə salamlaşma, vımpel dəyişmək, kollektiv şəkil çəkdirmək, hakimlərin oyundan əvvəl bir-birinə dəstək salamlaşması ləğv olunur.


 Fasilə zamanı oyunçulara soyunub-geyinmə otağına getməmələri və stadionda dincəlmələri tövsiyə olunur (ciddi zərurət olmadığı təqdirdə). Əgər komandalar soyunub-geyinmə otağına gedəcəklərsə, bu növbəli şəkildə və sosial məsafə qorunmaqla edilməlidir. 1-ci meydan sahibi, sonra qonaq komanda stadionu tərk etməlidir. 

Oyunçulara qol sevincini fərdi qeyd etmələri tövsiyə olunur. Oyundan sonra sağollaşmalar təmassız edilməlidir.

Oyundan sonra soyunub-geyinmə və duş otaqlarında sosial məsafənin qorunması, eləcə də meydan sahibi komandanın oyunçularına klubun bazasındakı otaqlarda duş qəbul etmələri tövsiyə olunur.

Komanda üzvlərinin, həmçinin, hakimlərin görüşün başlanmasına 48 saat qalmış PHŞ-da «COVID-19» (PZR) üsulu ilə testlər keçirilməlidir.


Həm texniki zonada, həm də oyunun gedişində hər kəsə ancaq özünə məxsus su qabından istifadə etmələri tövsiyə olunur.  Texniki zonada qol sevincinin kollektiv şəkildə qeyd olunmasına, kubok oyunları zamanı penaltilər seriyası zamanı birlik düzülüşünə icazə verilmir. Əvəzetmələr zamanı  dəstək salamlaşmasından çəkinmək lazımdır.

Yarışların işıqlandırılması və təbliği üçün media nümayəndələrinin stadiona gəlişinə icazə verilir. Onlar stadiona mütləq şəkildə tibbi maskada gəlməli, hərarət yoxlanışından keçməlidirlər. Media mənsublarına PFL tərəfindən verilən vəsiqə mütləq şəkildə şəxsin üzərində görünən səviyyədə asılmalıdır.

Oyundan sonra mix-zonalar təşkil olunmayacaq. Yayımçı telekanal fləş-müsahibələr götürə bilər ki, bunun üçün xüsusi mikrofonlardan istifadə olunmalı və şəxslər arasında sosial məsafə qorunmalıdır. Fləş-müsahibələr açıq havada götürülməlidir.

Oyundan sonra mətbuat konfransının təşkili qüvvədə qalır və bu zaman iclas otağında oturacaqların sayı azaldılmalı, sosial məsafə qorunmalıdır.  Baş məşqçi, mətbuat katibi və ehtiyac yaranacağı halda tərcüməçi arasında sosial məsafə qorunmalıdır.

Qaydalarla daha ətraflı PFL-in saytında tanış olmaq mümkündür.


Digər xəbərlər

Xəbər xətti