"Adi epizodlarda top itkisinin olması oyunun tempini aşağı saldı" - Qurban Qurbanov

00:23 7 Fevral 2021

Azərbaycan kubokunun 1/4 finalında səfərdə “Qəbələ”ni 3:0 hesabı ilə məğlub edən “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov açıqlama verib.

 

Sportarena.az xəbər verir ki, o, qələbəni şərh edib:

 

"İlk hissənin əvvəlində meydanın vəziyyəti daha yaxşı idi. Sonradan dedilər ki, problemlər var və fasilədə su vurmadılar. Topun getməsi həddindən artıq çətinləşdi. Hər iki komandada top itkiləri bu səbəbdən çox oldu. Adi epizodlarda top itkisinin olması oyunun tempini aşağı saldı. Baxmayaraq ki, ilk oyunda 3:1 hesablı qələbə qazanmışdıq, ancaq futbolçularda yenə də qələbə istəyi var idi. Komanda oyun nizamını qorumağa çalışırdı. Futbolçuları təbrik edirəm. Minimum tapşırığı yerinə yetirdilər. "Qəbələ"yə isə uğurlar arzulayıram. Heyətlərinə baxanda köməkçilərimə deyirəm ki, bu komanda heç bir rəqibdən çəkinmir. Bu gün rəqibin hücum xəttində daha çox oyunçu gördük. İnanıram ki, "Qəbələ" daha yaxşı nəticələr əldə edəcək. Çünki şəhərin buna ehtiyacı var və layiqdirlər.

 

Mövsümün ikinci yarısına yeni başlamışıq. Hər bir futbolçunun idman formasını yaxşılaşdırmağa ehtiyacı var. Bunu da ancaq oyunlarla etmək mümkündür. Bir o qədər çox sayda futbolçumuz da yoxdur. 14-15 futbolçu əsas heyət üzvüdür, matçlarda 2-3 dəyişiklik edirik. Qarşıdakı görüşlərdə heyətdə 1-2 dəyişiklik ola bilər, amma hamısı əsas heyət üzvüdür. Məsələn, ötən matçda az meydanda olanlara bu gün 90 dəqiqə şans verdik. Çox kiçik rotasiya etdik. Nə yorğunluq, nə də başqa bir şey var idi".


Xəbər xətti