“Qəbələ”nin “Sumqayıt”la 35-ci qarşılaşması

10:45 25 Fevral 2021

“Qəbələ” futbol üzrə Azərbaycan Premyer Liqasının 17-ci turu çərçivəsində bu gün “Sumqayıt”ı qəbul edəcək.

 

Sportarena.az xəbər verir ki, Qəbələ şəhər stadionundakı görüş iki komanda arasında 35-ci duel olacaq. Bunadək rəqiblər 34 dəfə qarşılaşıb. Hesabında 20 qələbə olan “qırmızı-qaralar” 10 heç-heçə edib və 4 dəfə uduzub. Top fərqi də “Qəbələ”nin üstünlüyünü əks etdirir – 56:25.

 

Bu matçlarda “Qəbələ”nin ən yaxşı bombardiri Viktor Mendi 7 dəfə fərqlənib. Son iki görüşdə “qırmızı-qaralar”ın qollarına Rafael Utriq imza atıb.

 

“Qəbələ” Sumqayıtın eyniadlı təmsilçisi ilə 33 dəfə Premyer Liqa, 1 dəfə Azərbaycan kubokunda görüşüb. Çempionatda 19 qələbəsi olan komanda 10 heç-heçə edib və 4 dəfə məğlub olub. “Qırmızı-qaralar” 55 qol vurub, 25-ni buraxıb.

 

Öz meydanında 18-ci dəfə “Sumqayıt”ı sınağa çəkəcək komanda evdə 12 qələbə qazanıb, 4 heç-heçə edib və 1 dəfə məğlub olub. Öz meydanında 32 top vuran “Qəbələ” 10 qol buraxıb.

 

Xatırladaq ki, “Qəbələ”  - “Sumqayıt” matçına saat 15:00-da start veriləcək.


Xəbər xətti