Qurban Qurbanov: “Çempionluq yolunda hər xal vacibdir”

21:29 9 Mart 2021

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 19-cu turu çərçivəsində “Zirə”yə qarşı keçirdikləri matçı şərh edib.

 

Sportarena.az xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı 2:0 hesabıyla qələbə qazandıqları matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

 

- Vacib oyun idi və vacib qələbə qazandıq. Hər iki komanda istəkli idi. Hesabda 2:0 öndə olsaq da, ikinci hissə çətin oldu. Həm oyundan, həm də nəticədən razı qaldım. Oyunun tempinin düşməməsi futbolçulara yaxşı təsir edəcək. Rəqibə uğurlar arzu edirəm. "Zirə"yə qarşı oynamaq asan deyil.

 

- Xayme Romeronun zədəsi ciddidir?

- Hələ bilinmir. Ciddi olmaya bilər. Tam dəqiq cavab verə bilməyəcəm.

 

- Abdullah Zubir nə üçün əsas heyətdə deyildi?

- Zubir neçə gün idi özünü yaxşı hiss etmirdi. Ona görə bu gün ehtiyatda başladı.

 

- Çempionluq şansınızı necə dəyərləndirirsiz? 

- Hər oyun bizim üçün vacibdir. Çempionluq üçün mübarizə aparırıqsa, qazanılan hər xal vacibdir. "Neftçi" ilə illərdir rəqabətdəyik. Bu il çox ciddi mübarizə gedir. Qarşıdakı oyunlarda hamı xal itirə bilər. Son tura qədər mübarizə aparacağıq. Qismət olarsa, çempionluq bizim olacaq.

 

- Rəşad Sadıqovun komandası bu gün sizə qarşı çox aqressiv idi. Bu, sizdə hansı hisslər yaradırdı?

- Biz Rəşadla özümüz futbol oynayanda bir-birimizə qarşı olanda da aqresivlik olurdu. Rəşadın komandası aqressivdir. "Qarabağ"a qarşı oyunlarda komandalar özünü yaxşı tərəfdən göstərmək istəyir. Rəşad məşqçiliyə başlayandan çempionat daha fərqli olub. Aqressiya, dinamika artır. O, mənə nəyisə göstərmək üçün etmir. Sadəcə, doğru nəyi bilirsə, onu edir.

 

- Son turda "Neftçi" - "Qarabağ" matçı var. Həmin oyunda çempion bəlli olsa, maraqlı olmazmı?

- Futbolda mübarizə bir oyuna görə həll olunmur. Hər oyun bizim üçün vacibdir. Heç vaxt arzulamırsan ki, son oyunda nəsə olsun. Düşünmədiyimiz şeylər ola bilər, bu haqda düşünməyimiz tezdir. Bundan sonrakı oyuna köklənirik.

 

- Məşqçi kimi yox, ata kimi Musanın oyununu necə dəyərləndirirsiz?

- Bu sualı mənə yox, Rəşada verin. Mənim diqqətim öz komandamda idi. Musa hələ üzərində çox işləməlidir.


Digər xəbərlər

Xəbər xətti