Ronaldonun yerə atdığı kapitanlıq sarğısı hərraca çıxarıldı

18:18 30 Mart 2021

Portuqaliya millisinin futbolçusu Kriştiano Ronaldonun DÇ-2022-nin seçmə mərhələsində Serbiya ilə oyunda (2:2) təmiz qolu sayılmadığı üçün yerə atdığı kapitanlıq sarğısı hərraca çıxarılıb.

 

Sportarena.az xəbər verir ki, sarğını stadionun işçilərindən biri götürüb və "Lumindo" portalında auksion yolu ilə satmağa qərar verib. Əldə edilən gəlir isə altı aylıq uşağın- Qavrilo Curceviçin müalicəsinə sərf olunacaq. Bildirilir ki, körpə arxa əzələlərin atrofiyasından əziyyət çəkir. Hazırda hərracda kapitanlıq sarğısının qiyməti 3 min avrodan çoxdur.

 

Qeyd edək ki, həmin görüşdə 36 yaşlı hücumçu qol sayılmadığı üçün hakimə etiraz edərək, sarğını yerə çırpıb. Referi  Ronaldonu sərt etirazlarına görə sarı vərəqə ilə cəzalandırıb. Portuqaliyalı oyunçu isə matç bitməmiş meydançanı tərk edərək, paltardəyişmə otağına gedib.   


Digər xəbərlər

Xəbər xətti