"Rəqibin bizi 1-2 məqamda üstələdiyini demək olar" - Samir Abasov

13:00 16 İyun 2021

“Neftçi”nin baş məşqçisi Samir Abasov UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin püşkünü dəyərləndirib. 
 
Klub televiziyasına açıqlama verən gənc mütəxəssis Gürcüstanın “Dinamo” (Tbilisi) klubuna qarşı keçirəcəkləri oyunlarla bağlı bunları söyləyib:
 
“Rəqib haqda indi nəsə demək mənim üçün çətindir. Bu gündən başlayaraq rəqibi araşdırmalı, təhlil etməli və oyuna hazırlaşmalıyıq. Rəqibin bizi 1-2 məqamda üstələdiyini demək olar. Gürcüstan çempionatı davam edir və komanda həddindən artıq hazırdır. Bu, birinci amildir. İkinci amil isə baş məşqçidir. “Dinamo”nun çalışdırcısı Kaxaber Sxadadzedir. Biz azərbaycanlılar, Azərbaycan futbol ictimaiyyəti onu həddindən artıq yaxşı tanıyırıq. Onun nəyə qadir olduğunu bilirik. Mən “İnter”də (indiki “Keşlə”) çıxış edəndə mənim baş məşqçim olub. Özüm də onun nəyə qadir olduğunu yaxşı bilirəm.
 
Bəli, bu günə bəzi problemlərimiz var. Bu, oyunçularla bağlıdır. Bəziləri hələ düşərgəmizə qoşula bilməyiblər. Bunu panika üçün demirəm, azarkeşlər narahat olmasın. Tam ciddiyətlə bu oyuna hazırlaşacağıq. Püşkdən əvvəl hansı rəqiblə qarşılaşmaq istədiyimi soruşsaydız, fərq qoymazdım. Biz neçə illərdir bu turnirlərdən uzaq düşmüşük. Bu, bizim üçün bir sınaq olacaq. Ümid edirəm ki, bu sınaqdan üzü ağ çıxacağıq. “Şerif” də, “Ludoqorets” də düşsəydi, eyni ciddiyətlə hazırlaşacaqdıq. Rəqiblər arasında fərq qoymurdum. Qismət bu idisə, buna hazırlaşmalıyıq. İnşallah, bütün xalqımızın, azarkeşlərimizin dəstəyi ilə buradan üzüağ çıxacağıq”. 


Digər xəbərlər

Xəbər xətti