Harramiz Suares: "Neftçi"yə uyğunlaşmağımla bağlı problem olacağına inanmıram"

13:10 29 İyun 2021

“Həqiqətən də, bu, mənim Portuqaliyadan kənarda ilk təcrübəmdir. Ölkə xaricində heç vaxt oynamamışdım. Başqa ölkə klublarından mənə çoxlu təklif olmuşdu. Özüm də xaricdə təcrübə keçmək istəyirdim, amma gələn təkliflər ciddi deyildi və reallıqda məni maraqlandırmırdı. Bu isə mənim gəlib burada özümü göstərməyim və avrokuboklarda iştirak etməyim üçün böyük imkandır".

 

Bu sözləri "Neftçi"nin yeni transferi Harramiz Suares klubun telekanalına müsahibəsində deyib. O, Bakı təmsilçisinə gəlməzdən əvvəl ailəsi, yoldaşı, ata və anası ilə məsləhətləşdiyini bildirib: "Onlar da mənə “Neftçi”yə qoşulmağı tövsiyə etdilər. Hazırda ağlımdan keçən ən böyük məqsədim Azərbaycan çempionluğu titulunu qazanmaqdır. Bundan əlavə, Çempionlar Liqasında bacardığımız qədər irəli getməyimizi istəyirəm. Əgər Çempionlar Liqasında çox irəliləyə bilməsək, heç olmasa Konfrans Liqasının qrup mərhələsində yerimizi təmin edək".

 

30 yaşlı yarımmüdafiəçi təlim-məşq toplanışlarının çox yaxşı getdiyini vurğulayıb: "Bu, mənim üçün böyük təcrübədir. Yavaş-yavaş komandaya uyğunlaşmağa çalışıram. Buradakı oyunçuların fərdi keyfiyyətlərindən çox təəccübləndim. Olduqca yaxşı futbolçulardır. Yenə deyirəm, adaptasiyam yaxşı gedir. Çünki ilk gündən məni yaxşı qarşıladılar. Komandaya uyğunlaşmağımla bağlı problem olacağına inanmıram. Komanda yoldaşlıq oyunlarında fiziki cəhətdən bir az yorğun görünürdü. Təlim-məşq toplanışında olduğumuz üçün bu normaldır. Həm də hazırlıq matçlarında nəticə elə də önəmli deyil. Ümumilikdə məşqçinin tapşırıqlarını yerinə yetirməyə çalışırıq ki, həm avrokubok, həm də çempionat oyunlarına tam hazır olaq. Deyərdim ki, oynadığım hər iki mövqedə özümü çox rahat hiss edirəm. İstər müdafiənin sol, istər sağ cinahında, istərsə də hücumda rahatam. Buna baxmayaraq, baş məşqçi məni hansı mövqedə oynatsa, orada özümü ən yaxşı tərəfdən göstərməyə çalışacağam”.

 

UEFA Çempionlar Liqasının I təsnifat mərhələsindəki rəqiblərini dəyərləndirən oyunçu komandaya faydalı olması üçün əlindən gələni edəcəyini deyib: “Tbilisi “Dinamo”sunun bir neçə oyunundan epizodları artıq izləmişik. Hazırda Gürcüstan çempionatı davam edir. Buna görə də bizimlə müqayisədə rəqib fiziki cəhətdən daha da formadadır. Məncə, çətin oyun olacaq. Bununla belə, gücümüzə uyğun rəqibdir. Maksimum yaxşı nəticə qazanmağa çalışacağıq. Azarkeşlərə bildirmək istəyirəm ki, öz işimə çox məsuliyyətli yanaşıram. Əlimdən gələni edəcəm ki, oyunumla komandaya xeyrim dəysin. Əgər qol və məhsuldar ötürmələrlə fayda versəm, daha da yaxşı olar. Söz verə bilərəm ki, hər şeyin yaxşı olması üçün əlimdən gələni edəcəyəm”. 


Digər xəbərlər

Xəbər xətti