"Çempionatın startı bizim üçün ürəkaçan deyil" - Sənan Qurbanov

10:43 22 Avqust 2021

"Çempionata uğursuz başladıq. İlk turda evdə məğlub olmuşduq və səfərdə "Qəbələ"yə qalib gəlmək istəyirdik. Birinci hissədə istədiyimiz futbolu oynaya bilmədik. İkinci yarıda isə rəqib üzərində təzyiq yaratdıq".

Bu fikirləri "Keşlə"nin baş məşqçisi Sənan Qurbanov Premyer Liqanın II turunda səfərdə "Qəbələ"yə 1:2 hesabı ilə uduzduqları oyundan sonra mətbuat konfransında deyib.

 

41 yaşlı mütəxəssis fasilədən sonra qol imkanları yaratdıqlarını bildirib: "İstənilən halda məğlub olmuşuq və çempionatın startı ürəkaçan deyil. Qarşımızda uzun fasilə var. Komandanı toparlamağa çalışacağıq. Premyer Liqa matçlarına hazırlaşmaq üçün vaxtımız olacaq. Çox danışılası nəsə yoxdur".

Qurbanov Şəhriyar Əliyevin görüşü sonlarında qırmızı vərəqə alması barədə danışıb: "Rəqib əvvəlki epizodda oyunçumuzu arxadan itələdi. Hakim isə cərimə zərbəsi təyin etmədi. Futbolçu bundan sonra aqressivləşdi. Nəticədə qırmızı vərəqə aldı. Əliyev orada qeyri-etik ifadə işlətməyib. Sadəcə, aqressiv idi. Referidən niyə əvvəl cərimə zərbəsi vermədiyini soruşdu. Hakimlik haqqında da çox danışmaq istəmirəm. Epizoda yenidən baxmaq lazımdır. Mənə elə gəldi ki, rəqib Şəhriyar Əliyevi itələyib. Biz cərimə gözləyirdik. Amma qapımızda əks hücum gördük".

Baş məşqçi kollektivə oyun üslubunu aşılamağa çalışdıqlarını söyləyib: "Məğlub olanda psixoloji faktorlar önə çıxır. Bir az tələskənlik olur və daha tez qol vurmaq istəyirsən. Belə halları yaşayırıq. Bunu ortadan qaldırmaq istəyirik".

Mütəxəssis "Sumqayıt"a 0:2 hesabı ilə uduzduqları ilk turda oyunçuların yaxşı oynadığını söyləyib: "Həmin matçda qol imkanlarımız daha çox oldu, amma yararlana bilmədik. Hazırlıqla bağlı problemimiz olmayıb. Çempionata tam hazır olmasaq da, komanda 60-70 faiz hazırdır. Amma uğursuzluq var və futbolda belə hallar yaşanır. Hər məğlubiyyətdən sonra psixoloji faktor önə çıxır. Bu gərginliyi aradan qaldırmağa çalışırıq".

Qurbanov komandada maaş probleminin olmadığını sözlərinə əlavə edib: "Futbolçular məvaciblərini alıblar. İnanmıram ki, bu, oyunumuza təsir etsin" (report.az).


Xəbər xətti