"Qəbələ"nin "Sumqayıt"la 38-cu dueli

10:58 21 Noyabr 2021

Azərbaycan Premyer Liqasında 11-ci tura yekun vurulacaq. Turun son matçı Qəbələdə keçiriləcək. “Qəbələ” öz meydanında “Sumqayıt”ı qəbul edəcək.

 

Sportarena.az xəbər verir ki, bu, “qırmızı-qaralar”ın “Sumqayıt”la 38-ci dueli olacaq. İndiyədək iki komanda arasında 37 qarşılaşma keçirilib. Əvvəlki oyunlarda “Qəbələ” böyük üstünlüyə malikdir. Aktivində 21 qələbə olan komanda 11 heç-heçə edib və yalnız 5 dəfə uduzub. Bu üstünlük top fərqində də əksini tapıb – 57-27. “Qırmızı-qaralar”ın heyətində “Sumqayıt”la matçların bombardiri 7 qola imza atan Viktor Mendidir. 

 

Premyer Liqa çərçivəsində oynanılan 36 görüşdə 20 dəfə üç xal qazanan “Qəbələ” 11 sülhə nail olub. “Sumqayıt” isə 5 dəfə qalib gəlib. Çempionatdakı top fərqi 56-27-dir.

 

Öz meydanında 19-cu dəfə “Sumqayıt”ı sınağa çəkəcək komanda evdə 13 qələbə qazanıb, 4 heç-heçə edib və 1 dəfə məğlub olub. Öz meydanında 33 top vuran  “Qəbələ” 10 qol buraxıb.

 

Qəbələ şəhər stadionundakı görüş saat 16:00-da başlayacaq.


Digər xəbərlər

Xəbər xətti