"Fənərbaxça" “Qalatasaray”ın sabiq futbolçusunu heyətinə qatıb

11:26 16 İyun 2022

Türkiyənin “Fənərbaxça” klubu heyətini yeni oyunçularla gücləndirib. Sportarena.az xəbər verir ki, Super Liqa təmsilçisi Niderlandın PSV klubunun yarımmüdafiəçisi Brumanı heyətinə qatıb.
 
Bu barədə İstanbul təmsilçisinin rəsmi saytı məlumat yayıb. Portuqaliyadan olan 27 yaşlı vinger qarşıdakı mövsümün sonuna kimi icarə əsasında Türkiyə klubunda çıxış edəcək.
 
Bruma 2019-cu ildən PSV-də çıxış edir. Portuqaliya yığmasının sabiq üzvü 2020/21 mövsümündə Yunanıstanın “Olimpiakos” klubunda da icarədə oynayıb. “Sportinq”in yetirməsi olan vinger, 2013-2017-ci illər aralığında “Qalatasaray”da forma geyinib.
 
“Fənərbaxça” Serbiyanın “Partizan” klubunun yetirməsi Ensar Brahiçi də heyətinə qatıb. Klubdan verilən məlumata görə, 18 yaşlı serbiyalı futbolçu azad agent kimi transfer olunub. O, qarşıdakı mövsümü klubun U-19 komandasında keçirəcək.
 
Xatırladaq ki, “Fənərbaxça” bu iki oyunçudan öncə Portuqaliyanın “Santa Klara” klubundan Linkoln Enrikeni transfer etmişdi. 23 yaşlı hücumameylli yarımmüdafiəçi ilə 4 illik müqavilə imzalanıb. İstanbul təmsilçisi braziliyalı futbolçu üçün Portuqaliya klubuna 3.5 milyon avro ödəyəcək.


Digər xəbərlər

Xəbər xətti