Federasiya prezidenti yeniyetmə cüdoçularla görüşdü

00:38 21 İyul 2022

Azərbaycan Cüdo Federasiyasının (ACF) prezidenti Rəşad Nəbiyev yeniyetmələrdən ibarət Azərbaycan milli yığma komandasının idmançıları və məşqçi və dəstək heyəti ilə görüşüb. Rəşad Nəbiyev 23-26 iyunda Xorvatiyanın Poreç şəhərində keçirilən Avropa çempionatında yeniyetmələrin göstərdiyi yüksək nəticələrə görə onları təbrik edib. 
 
O, komandamızın 3 qızıl, 1 gümüş və 4 bürünc olmaqla fərdi yarışlarda 8 medal qazandığını və 2004-cü ildən etibarən qazanılan ən yaxşı nəticə olduğunu qeyd edib.
 
Federasiya prezidenti vurğulayıb ki, komandamız medal sıralamasında ümumi hesabda 2-ci yeri, oğlanlar arasında isə 1-ci yeri əldə edib.
 
Komanda yarışlarında Azərbaycan yığmasının bürünc medal qazandığı, Azərbaycan cüdo tarixində ilk dəfədir ki, yeniyetmələrin Avropa Çempionatında komanda yarışında medal əldə edildiyi R. Nəbiyev tərəfindən xüsusi vurğulanıb.
 
Rəşad Nəbiyev bildirib ki, bütün bu nəticələr ölkə rəhbərliyinin idmana, o cümlədən cüdoya olan qayğısı və dəstəyi nəticəsində əldə edilib. O, yeniyetmə cüdoçulara özlərini tək idmançı kimi deyil, həm də layiqli vətəndaş kimi yetişdirmələri üçün tövsiyələrini verib, təhsillərinə xüsusi diqqət yetirmələrinin vacibliyini vurğulayıb. 
 
Görüş zamanı yeniyetmə oğlanlardan və qızlardan ibarət milli yığmanın məşqçiləri 24-28 avqustda Bosniya və Herseqovinada keçiriləcək yeniyetmələrin Dünya Çempionatına  hazırlıq barədə məlumat veriblər. Onlar respublikamızda və müxtəlif ölkələrdə yüksək səviyyədə təlim-məşq toplanışlarında iştirak etdiklərini, hazırlıqla bağlı Federasiya tərəfindən bütün lazımi şəraitin yaradıldığını bildiriblər. 
 
Rəşad Nəbiyev qarşıdan gələn nüfuzlu yarışda cüdoçulara uğurlar arzulayıb.
 
Görüşdə ACF-in vitse prezidenti Elnur Məmmədli, ACF prezidentinin müşaviri Natiq Bağırov və ACF-in baş katibi Rəşad Rəsullu da iştirak ediblər.


Xəbər xətti