"İranda yaşayan soydaşlarımızı komandamıza ilk dəfə biz cəlb etdik" - LAYİHƏ

17:14 19 Mart 2018

Sportarena.az saytı AFFA yanında Media Komitəsinin maliyyələşdirdiyi "Futzal üzrə liqaların işıqlandırılması, uşaq futzal məktəblərinin yoxluğu, real durum və problemlər" mövzusunda layihənin icrasını davam etdirir.

 

Layihə çərçivəsində altıncı yazımızda Yüksək Liqanın 21-ci turunun oyunlarının nəticələri və "Yasamal" klubunun fəaliyyəti barədə məlumat verəcəyik.

 

Yüksək Liqanın 21-ci turunda iki görüş keçirildi. Buna səbəb baş tutmalı olan "Araz" - "Xəmsə" matçının ikincilərin müraciəti əsasında qeyri-müəyyən müddətə təxirə salınmasıdı. Bununla belə digər 2 görüş baş tutdu.

 

 

İlk oyun "Marafon" və "Neftçi" komandaları arasında keçirildi. Son turlarda ardıcıl xallar itirməklə lider "Araz"dan aralı düşən "Marafon" bu turda da eyni aqibəti yaşadı. Gərgin və qarşılıqlı hücumlar şəraitində keçən görüşdə tərəflərin səylərinə rəğmən, cəmi 2 qol vuruldu. İlk 30 dəqiqədə komandaların çoxsaylı hücumları bəhrəsini vermədi. Azarkeşlər sadəcə matçın son 10 dəqiqəsində komandaların hərəyə bir dəfə fərqlənməsinin şahidi oldu. "Marafon" görüşün 32-ci dəqiqəsində Omid Talebinin qolu sayəsində hesabda önə keçsə də, üstünlüyünü son saniyələrdə əldən verdi. Matçın sonuna cəmi 32 saniyə qalmış Rüfət Balakişiyev "Neftçi"ni məğlubiyyətdən xilas etdi.

 

Marafon Futsal - Neftçi 1:1

Qollar: Omid Talebi, 31:20 - Rüfət Balakişiyev, 39:28

Hakimlər: Yusif Nurullayev, Ramil Namazov, Azad Hüseynov

Hakim-inspektor: Murad Məmmədov

Sarı vərəqələr: Seymur Məmmədov, 24:09. Majid Morovati, 28:54 - Tural Qurbanov, 29:20

16 mart. Bakı İdman Sarayı. Saat 14:30

 

 

Günün digər oyunu isə daha məhsuldar alındı. Söhbət "Yasamal" - EKOL matçından gedir. Bu görüşdə qapılara 12 qol vuruldu. Görüşə erkən qollarla başlayan ikincilər ilk yarını 1:3 hesabı ilə öndə tamamladılar. Yaşılların bu üstünlüyü ikinci yarıda da davam etdi. Amma bu dəfə "Yasamal"ın qapısına daha çox qol vurmaq mümkün oldu. Ələ düşən imkanlardan maksimum yararlanan "yaşıllar" yekunda 2:10 hesablı qələbəyə sevindilər. EKOL-un heyətində milli komandanın üzvü Namiq Məmmədkərimov penta-trik, Samir Həmzəyev isə het-trik etməklə komandasının qələbəsində pay sahibi oldu.

 

Yasamal - EKOL 2:10

Qollar: Sadiq Cavid, 6:30. Mortoza Cahandost, 36:13 - Samir Həmzəyev, 1:36; 27:10; 28:32. Namiq Məmmədkərimov, 2:56; 7:55; 28:03; 32:15; 39:34. Fərid Ələkbərov, 23:12. Ələsgər Ələsgərli, 38:51

Hakimlər: Elçin Məmmədov, Hikmət Qafarlı, Əli Cəbrayılov

Hakim-inspektor: Şahin Cəfərov

16 mart. Bakı İdman Sarayı. Saat 16:00

 

Bu nəticələrdən sonra turnir cədvəlində dəyişiklik baş verməsə də, "Marafon"un xal itirməsi çempionluq yarışında "Araz"ın daha şanslı olmasına səbəb olub. Keçirdiyi 17 oyundan 49 xal toplayan Naxçıvan təmsilçisi ən yaxın izləyicisi olan "Marafon"u 12 xal qabaqlayır. Bu məqamda "Araz"ın rəqibinə nisbətən bir oyun az keçirməsini də vurğulmaq lazımdı. Görünən odu ki, debütantın son illərin çempionuna çatması riyazi cəhətdən real görünsə də, nəzəri cəhətdən mümkünsüz görünür.

 

Üçüncü sıradakı EKOL isə "Marafon"un ardıcıl xalla itirməsindən maksimum yararlanaraq bu komanda ilə xal fərqini 5-ə endirməyə müvəffəq oldu. 18 oyun keçirən yaşılların aktivində 32 xal var. Bir neçə tura qədər başı çempionluq mübarizəsinə qarışan "Marafon" artıq ikinciliyin əldən çıxmaması üçün də mübarizə aparmaq məcburiyyətində qalıb.

 

Bu tur istirahət "FK.İD.Futsal" isə 17 oyundan 22 xalla toplayaraq 4-cü pillədə qərarlaşıb. Bu komandanın ən yaxın izləyicisi olan "Neftçi" isə 19 xalla 5-ci sırada məskunlaşıb. "Ağ-qaralar" rəqibinə nisbətən bir oyun az keçirib. Bu isə o deməkdi ki, bu iki komanda qarşıdakı turlarda 4-cü olmaq uğrunda mübarizə aparacaqlar.

 

Turnir cədvələnin son iki pilləsində isə ənənəvi olaraq "Yasamal" və "Xəmsə" komandaları məskunlaşıb. 17 oyundan 12 xal toplayan birincilər 6-cıdılar. Xəmsə isə cəmi 2 xal topmaqla ənənəvi sonuncu pillədə yer alıb.

 

№ Komanda O Q H/H M T/F X
1 Araz 17 16 1 0 105-22 49
2 Marafon Futsal 18 12 1 5 69-37 37
3 EKOL 18 10 2 6 80-51 32
4 FK.İD.Futsal 17 6 4 7 72-61 22
5 Neftçi İK 16 5 4 7 40-43 19
6 Yasamal 17 4 0 13 54-113 12
7 Xəmsə 17 0 2 15 42-136 2
Bombardir: Thiaqo Telez (“Araz”) – 21 qol

 

Qeyd etdiyimiz kimi bu dəfəki yazımızda "Yasamal" klubu barədə məlumat verəcəik. Bu məqdəslə klubun prezidenti Orxan Allahverdiyevlə həmsöhbət olduq. Müsahibimlə "Yasamal"ın yaramasından, klubun problemlərindən və qarşıya qoyulan məqdəslərdən danışdıq:

 

 

- Öncə "Yasamal" barədə məlumat verirdiz?

- "Yasamal" klubu 2014-cü ildə şəxsən mən tərəfindən yaradılmışdı. Yasamal əhalisinin futbola marağını nəzərə alaraq, qarşımıza məqsəd qoyduq ki, Azərbaycanda futbolun bir sahəsinə - futzal, böyük futbol və çimərlik futboluna tövhəmizi verək. Yasamal ağsaqqallarının, imkanlı şəxslərinin və yaxın adamlarının köməyi ilə klub yaradıldı. Fəaliyyətə öncə uşaq futbolundan və futzal üzrə ikinci liqada iştirakla başladıq. Yasamal böyük rayondu və buranın heç vaxt futbol klubu olmayıb. Artıq 4 ildi fəaliyyət göstəririk. Bizə verdikləri dəstəyə görə futzal federasiyasının rəhbərliyinə təşəkkür edirik. Artıq 3-cü ildi ki, Yüksək Liqada mübarizə aparırıq.

 

- Dediyiniz kimi artıq neçə ildi Yüksək Liqada mübarizə aparırsız. Birinci Liqada da ikinci komandanız mübarizə aparır. Bundan sonra qarşıya qoyulan məqsəd nədir?

- Ötən mövsüm Yüksək Liqada dördüncü olduq. Bundan sonra da yaxşı nəticələr qazanmaq istəyirik. Həvəskarlardan ibarət futbol komandamız da var. Amma bu komandanı saxlamaq şərait, maddi və digər məsələlərdən daha sərfələdi. Federasiyada bizə mümkün qədər dəstək olmağa çalışır. Ona görə də diqqətimiz futzala yönəlib. Ötən mövsüm dördüncü olduq. Bu mövsüm çempionatımızın səviyyəsi 50 faiz yüksəlib. Növbəti mövsüm isə bundan daha da yaxşı olacaq. Buna ümid edirəm.

 

Biz ötən mövsüm ilkə imza atdıq. İranda yaşayan soydaşlarımızı komandamıza cəlb etdik. Bu addım uğurlu alındı. Bizdən sonra digər klublar da İranda yaşayan soydaşlarımızı transfer etməyə başladılar. Çünki İranda futzal məktəbləri var. Bizdə oynamış bir futzalçı artıq "Araz"a transfer olunub. Digəri isə "Neftçi" ilə anlaşmışdı. Amma bəzi problemlər olduğu üçün geri qayıtdı. Yaxşı futzalçılarımız var.

 

Bu mövsüm nəticələrimiz yaxşı olmadı. Bunun səbəbi var. Maddi çətinliklərimiz oldu. Bununla belə kubokda uğurlu çıxış etmək istəyirik. Artıq indidən kubok oyunlarına köklənmişik. Ancaq növbəti mövsüm sürpriz bir heyətlə gələcəyik. Buna deməyimdə məqsəd odu ki, digər komandalar da hazır olsun, maksimum rəqabət yaradaq. Futzalımızın inkişafı üçün əlimizdən gələni edirik.

 

- "Marafon" üzərində qələbədən sonra komanda uğursuz çıxış edir. Ardıcıl məğlubiyyətin səbəbləri nədir?

- Komanda heyət baxımından problemlər var. Cəzalı və zədəli futzalçularımız var. Həm də bir sıra futzalçılarımız futbol komandamızda iştirak edir. Bu oyundan bir gün qabaq oyunumuz oldu. Bu, onların yorulmasına səbəb oldu. Bombardirimiz Mortoza Cahandost orada da bombardirdi. Məğlubiyyətlərimizin səbəbləri bunlardır.

 

- Uşaq futzalın vəziyyət necədi?

- Uşaq futzalında və futbolunda vəziyyət yaxşı deyil. Maddi baxımından çətinlik çəkirik. Məşq etmək üçün şəraitimiz elə də yaxşı deyil. Yay aylarında müəyyən qədər nəticələrimiz yaxşı olur. Sponsor axtarışındayıq. Hələlik müəyyən adamlar kömək edirlər bizə. Amma sponsorlardan kömək yoxdur. Təklif var, amma biz istəyən kimi deyil.

 

- Yasamal heç də kiçik rayon deyil. Hər bir valideyn istəyər ki, uşağı daha yaxın yerdə məşq etsin. Məktəbə, evə yaxın olsun. Bu, məqam sizin üçün əlverişlidirmi?

- Əlbəttə. Belə bir şey bizim üçün çox yaxşı olardı.

 

- Məşq etmək üçün şəraitinizin yaxşı olmadığını dediz. Məktəb və digər məkanların zallarından istifadə edə bilərsinizmi?

- İstifadə edirik. Amma ödənişli əsaslarla. Bu da bizim üçün çətinlik yaradır. Maddi imkanımız yaxşı olsa, çətinliyimiz olmaz.

 

- Mövsümü sizin üçün uğursuz adlandırmaq olar? İndiki məqamda nəticə vacibdirmi?

- Mövsümün ilk yarısı bizim üçün yaxşı keçdi. Bir-neçə oyunçumuz aparıcı klublara keçdi. Onların yerinə yeni futzalçılar cəlb olundu. Yenilərə komandaya uyğunlaşmaq üçün zaman lazımdı.

 

Düzdü, son turlarda nəticələrimiz elə də yaxşı deyil. Bunun səbəbləri barədə danışdıq. Amma oyundan oyuna fərq olur. Bəzən uduzduğumuz oyunda belə elə gözəl oyun sərgiləyirik ki... Oyunçular məğlubiyyətlərdən sonra narahat olurlar. Bəzən elə olur ki, mən dəstək üçün onlarla qalmalı oluram. İndiki vəziyyət məni narahat etmir. Komandanı yeni-yeni formalaşdırmağa başlamışıq.  Biz “Araz”, EKOL, “Marafon” deyilik. Onlar illərin komandasındı. Amma biz yeniyik. Adını çəkdiyim klublarda şərait də, futbolçuların məvacibləri də başqadı. Bizim elə imkanlarımız olsaydı, “Marafon” kimi ikinci olardıq, komandadan nəticə də tələb edərdim.

 

Sonda futzal federasiyasının rəhbərliyinə, hər bir əməkdaşına yaradılan şəraitə və bizə qarşı diqqətlərinə görə təşəkkür edirik. Elə vəziyyət yaradıblar ki, heç istəmirik mövsüm bütsün. Yayda fasiləs olanda darıxırıq oyunlar üçün. İnanırıq ki, sizinlə söhbətdən sonra komandamız kiminsə diqqətini cəlb edəcək.

 

Heybət Məmmədov

Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir.



Digər xəbərlər

Xəbər xətti