"Qarabağ" 25-ə çatdı

12:51 12 Sentyabr 2022

“Qarabağ” Misli Premyer Liqasının VI turunda “Sabah”a 4:3 hesabı ilə qalib gəlib.

Sportarena.az xəbər verir ki, bununla da Qurban Qurbanovun yetirmələrinin məğlubiyyətsiz oyunlar seriyası 25-ə çatıb.

Ağdam klubu sonuncu dəfə ötən mövsümdə - 2021-ci il oktyabrın 25-də “Səbail”lə səfər qarşılaşmasında uduzub – 1:3. Həmin matçdan sonra bölgə təmsilçisi 21 qələbə qazanıb və 4 heç-heçə edib.

Bu ölkə çempionatları tarixində 25 və daha çox oyunu əhatə edən 8-ci belə seriyadır. Aktivində 31 matçdan ibarət məğlubiyyətsizlik də olan “Qarabağ” ikinci dəfə 25-ə çatıb.

Qurbanovun komandası 321 gün əvvəlki məğlubiyyətdən sonra ilk dəfə qapısında birdən artıq qol görüb. Sonrakı 24 görüşdə komanda 2 və ya daha çox top buraxmayıb.

​9 ildən sonra “Qarabağ” öz meydanında qapısında 3 top görüb. Sonuncu dəfə 2013-cü il noyabrın 3-də “Qəbələ” ilə görüşdə belə hadisə yaşanıb. 3234 gün əvvəl də indiki kimi 4:3 hesabı ilə qalib gələn Qurbanovun komandası sonrakı 130 ev matçında ikidən artıq qol buraxmamışdı. 


Xəbər xətti