Yurgen Klopp: "Madridə “Özünüzü qoruyun, gəlirik” sözləri ilə gəlməmişik"

10:57 15 Mart 2023

“Liverpul”un baş məşqçisi Yurgen Klopp “Real Madrid”lə cavab oyununda şansların yüksək olmadığını desə də, təslim olmayacaqlarını da xatırladıb.

 

Sportarena.az xəbər verir ki, almaniyalı mütəxəssisin açıqlaması UEFA-nın saytında dərc olunub.

“Üç həftə əvvəl, ilk oyundan sonra dedim ki, “Real Madrid” artıq keçib. Amma biz bilirik ki, oynanılacaq bir matç var. Şans 1 faiz olsa belə, cəhd etməliyik. Özümüzü mənfi şəkildə təəccübləndirə biliriksə, müsbət mənada da edə bilərik. Aydın məsələdir ki, Madridə “Özünüzü qoruyun, gəlirik” sözləri ilə gəlməmişik. Amma biz bu matçda qalib gəlmək üçün buradayıq. İkinci hissədəki ilk matçda əks-hücumlar bizim üçün problemə çevrildi. Vinisius və Benzemanı birdəfəlik zərərsizləşdirə bilməsək də, bu, uzun müddət bizdə alınırdı”, - “qırmızılar”ın çalışdıranı qeyd edib.

 

O, komandasının “taktika baxımından topla və topsuz çox fəal olmalı” olduğunu bildirib:

“Yarımmüdafiənin pressinqi əla olmalıdır. Risk etməliyik, amma əks-hücumlardan saqınmalıyıq. İtirəcəyimiz heç nə yoxdur. Bu, hər şeyi itirə biləcəyinizdən daha yaxşıdır”.

 

Eyni zamanda, Y. Klopp İspaniya təmsilçisində özünəinamın yüksək səviyyədə olduğuna diqqət çəkib:

“Real Madrid” heç vaxt özünə inamını itirmir, bu komanda üçün böyük bacarıqdır. Heç bir şey onlara mənfi təsir göstərə bilməz. Bu, tamamilə heyrətamizdir. Hər şey mentalitetlə bağlıdır. Onlara sayğı duyuram, fantastik komandadır”.


Xəbər xətti