UEFA-dan Türkiyənin üç klubunu cəza

11:26 31 Mart 2023

UEFA Türkiyənin “Fənərbaxça”, “Trabzonspor” və “Sivasspor” klublarını cəzalandırıb.

 

Sportarena.az xəbər verir ki, bu barədə qitə futbol qurumunun rəsmi saytı məlumat yayıb.

 

Buna sözügedən komandaların azarkeşlərinin avrokubok matçlarındakı davranışı səbəb olub.

 

“Fənərbaxça”nın evdə İspaniya “Sevilya”sına 1:0 hesabı ilə qalib gəldiyi Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyununda fanatların meydana yad əşyalar atması və keçidləri bağlaması klubu 44 min avro ziyana salıb. Üstəlik, klub növbəti avrokubok görüşündə ev oyunlarını keçirdiyi stadionda 5 min oturacağı boş saxlamalıdır.

 

“Trabzonspor” tərəfdarlarının Avropa Konfrans Liqasının pley-offunda İsveçrədə “Bazel”ə qarşı keçirilmiş cavab matçında (0:2) pirotexniki vasitələrdən istifadə etməsi səbəbindən klub 20 min avro cərimələnib.

 

UEFA ən ağır cəzanı isə “Sivasspor”a verib. Komandanın “Fiorentina”ya 1:4 hesabı ilə uduzduğu Konfrans Liqasının 1/8 final mərhələsinin cavab oyununda yerli fanatlardan biri meydana daxil olaraq rəqib futbolçunun üzünə zərbə endirib. Nəticədə Sivas təmsilçisinin növbəti avrokubok görüşünü azarkeşsiz keçirməsinə qərar verilib. Komandanın kapitanı Hakan Arslan isə 3 oyunluq diskvalifikasiya olunub.


Xəbər xətti