“Qarabağ” qrupda qaldı, “Neftçi” 1/6 finala yüksəldi

09:08 9 Aprel 2023

Türkiyədə keçirilən “İzmir Cup-2023” turnirinin qrup mərhələsinə yekun vurulub.

 

Sportarena.az xəbər verir ki, Azərbaycanı bu turnirdə təmsil edən “Qarabağ” və “Neftçi”nin U-12 komandaları da növbəti matçlarını keçiriblər.

 

“Qarabağ”ın U-12 komandası ikinci oyun günündə 5 matça çıxıb. Komanda “Ayntraxt” (Almaniya, Frankfurt) və “Manisa” (Türkiyə) klublarına qalib gəlib. Hər iki oyun 1:0 hesabı ilə başa çatıb. Türkiyənin “Başakşəhər” və “Altınordu” klublarına 0:1 hesabı ilə uduzan komanda son turda Portuqaliya “Portu”su ilə heç-heçə edib – 0:0.

 

Bu nəticələrdən sonra 8 xala malik “Qarabağ” yer aldığı E qrupunda 6-cı yeri tutub və pley-offa vəsiqə qazana bilməyib. Bu üzdən də Ağdam təmsilçisinin 12 yaşlıları sabah iki yoldaşlıq oyunu keçirəcək.

 

“Neftçi”nin 12 yaşlılardan ibarət komandasının çıxışı isə daha uğurlu alınıb. H qrupunda yer alan “ağ-qaralar” Türkiyənin “Beşiktaş” (1:0), “Urla Bələdiyyəsi” (3:0), Belçikanın “Vesterlo” (1:0) komandalarına qalib gəlib. Fransanın “Mets” (0:1) və Rusiyanın “Zenit” (0:6) klubları ilə də qarşılaşmalar isə uğursuz alınıb. Buna baxmayaraq, qrupunda 13 xalla 4-cü yeri tutan “Neftçi” pley-offa vəsiqə qazanmağı bacarıb.  “Ağ-qaralar” 1/16 finalda sabah Belçikanın “Brügge” komandası ilə mübarizə aparacaq.


Xəbər xətti