"Bu oyunda heç-heçə qələbəyə bərabər idi" - Azər Bağırov

00:20 27 Noyabr 2023

“Hər şey səhvlərin üzərində qurulub”. 

Sportarena.az xəbər verir ki, bu sözləri Azərbaycan Premyer Liqasında “Neftçi” ilə 1:1 hesablı heç-heçə edən “Araz-Naxçıvan”ın baş məşqçisi Azər Bağırov deyib.

Çalışdırıcı oyundan sonra mətbuat konfransında iştirak edib: “İki fərqli hissə düşünmüşdük. Birincisi müdafiədən əks-hücumlara keçid idi. İkinci yarıda daha çox hücumda olmaq istəyirdik. Künc zərbəsindən bir anlıq anlaşılmazlıqdan qol buraxdıq. Uşaqlara əhsən düşür. İki oyunda uduzduqdan sonra toparlandılar və belə "Neftçi"yə qarşı mübarizə apardılar. Bu oyunda heç-heçə qələbəyə bərabər idi. "Sumqayıt"la oyunu analiz etdik və gördük ki, boşluqlarımız var idi. Bu da çox güman ki, "Qarabağ"a qarşı mübarizədən irəli gəlmişdi. "Kəpəz"lə oyunda ilk 15-20 dəqiqədə 2-3 qol epizodumuz oldu. Onlardan yararlana bilmədik. "Kəpəz"lə matçda da uşaqlardan razı idim. Elə komandayıq ki, hardasa boşluqlarımız olacaq. Çünki yeni yığılmış komandayıq. Bunların da öhdəsindən gəlməliyik. Şanslarımızdan maksimum istifadə etməliyik ki, arxada daha rahat oynayaq. Hər şey səhvlərin üzərində qurulub. Problemlərdən danışan adam deyiləm. Özüm həll edəcəm. Problemlər hər yerdə var. Maddi, texniki tərəfdən problemləri arxada qoymaq lazımdır. Bir yerdə işləyirsənsə, kənarda problemlərdən danışmaq peşəkarlığa sığmaz.

Maddi məsələlərdə hər şey qaydasındadır. Hər bir azərbaycanlıya belə post verilirsə, onu canla-başla qəbul edib, inkişaf etdirməlidir. Geridə qalan şeylər bizə aid deyil, hər şey burda həll olunmur. Hər komanda enişi yaşamalıdır. Biz də bunu 11 turdan sonra yaşadıq. "Kəpəz"lə oyunda nəticə olmasa da, oyunlarından razı qaldım. Bu gün də həmçinin futbolçularım 10-11 km qaçdı, bu da Avropa səviyyəsində nəticədir. Hər futbolçunun bədən dili var. Onun da bədən dili bu gün imkan vermir ki, daha çox cihanda oynasın. Cinahda oynayan futbolçu daha cəld olmalıdır. Orxanda bu yoxdur. Bu gün biz kimdənsə, maksimum istifadə edirik. Orxan əsas heyətin futbolçusudur.

Futbolçular da bir-birilərinə çox güvənir. Müəyyən rotasiyalar olmalıdır. Orxan da sonradan meydana daxil oldu. Müəyyən addımlar atmalıyıq. Çünki neçə milyonluq "Neftçi"yə qarşı çıxış edirdik. Meydança kiməsə etiraz etmək də normaldı. Hardasa çılğınlıq etməlisən. Oyunda mənim kimi səbirli dayanmaq olmaz. Məğlub da ola bilərdik. Demirəm ki, udmalıyıq. Bu gün qismətimizdə 1:1 hesabı idi. Uda da bilərdik. Daha tez qol vursaydıq, belə olardı. Geri çəkilmək fikrim yox idi. Meydana udmaq üçün çıxmışdıq”. 


Xəbər xətti